Naqanoda qalmaqal yaradan qərar
Yaponiyada qış mövsümündə turistlərin ən çox üz tutduğu bölgələrdən biri olan Naqano vilayətindəki məşhur xizək və istirahət mərkəzlərindən birində qalmaqallı hadisə baş verib. Yerli mətbuatda yer alan məlumatlara görə, sözügedən istirahət müəssisəsinin rəhbərliyi İsrail mərkəzli turizm şirkətinin yeni mövsüm üçün göndərdiyi rezervasiya müraciətini rədd edib.
Məlumata əsasən, oktyabr ayında İsraildə qeydiyyatdan keçmiş bir turizm şirkəti Naqanodakı xizək mərkəzinə qış mövsümü üçün rezervasiya tələbi ilə müraciət edib. Müəssisə rəhbəri mətbuata açıqlamasında müraciətin nəzərdən keçirildiyini, lakin son nəticədə qəbul edilmədiyini bildirib.
“İsrail vətəndaşlarından rezervasiya qəbul etməyəcəyik”
Mediada “Justin” adı ilə təqdim olunan müəssisə sahibi qərarlarını açıq şəkildə əsaslandırıb. Onun sözlərinə görə, istirahət mərkəzi rəhbərliyi İsrail vətəndaşlarından rezervasiya qəbul etməmək barədə prinsipial mövqe sərgiləyib.
İş adamı cavab məktubunda belə ifadələrə yer verib: “Ölkənizin Fələstin xalqına qarşı tətbiq etdiyi siyasət bizi ciddi narahat edir. Qonşu ölkə insanları evsiz qalarkən və aclıq çəkərkən sizin istirahət etməyi düşünməyinizi doğru hesab etmirik”.
Rezervasiya müraciətinin məhz “fələstinlilərə qarşı münasibət” səbəbilə rədd edildiyi açıq şəkildə bildirilib. Bu açıqlama isə həm Yaponiyada, həm də beynəlxalq səviyyədə geniş rezonans doğurub.
İşğalçı Cinayətkar İsrail səfirliyindən etiraz məktubu
Hadisədən sonra sionist rejimin Tokiodakı səfiri Gilad Koen Naqano vilayətinin qubernatoru Abe Şuiçiyə rəsmi etiraz məktubu göndərib. Məktubda israilli şirkətə qarşı bu davranışın qəbuledilməz olduğu vurğulanıb və məsələ ilə bağlı dərhal araşdırma aparılması tələb edilib.
Vilayət rəhbərliyi tərəfindən başladılan araşdırma zamanı maraqlı faktlar üzə çıxıb. Araşdırma nəticəsində məlum olub ki, sözügedən istirahət mərkəzi daha əvvəl İsraildən gələn turistləri qəbul edib və bu baxımdan tam qadağa tətbiq olunmayıb.
Rəsmi xəbərdarlıq və tələblər
Araşdırmanın yekununda Naqano vilayət administrasiyası istirahət müəssisəsinin sahibinə şifahi xəbərdarlıq edib. Rəsmi qurumlar bu addımı qınayaraq, gələcəkdə Yaponiyanın qüvvədə olan qanunvericiliyinə uyğun şəkildə hər hansı ayrı-seçkiliyin qarşısının alınmasını tələb edib.
Yerli hakimiyyət nümayəndələri vurğulayıb ki, Yaponiyada xidmət sektorunda milliyyət, din və ya siyasi mövqeyə əsaslanan diskriminasiya yolverilməzdir. Hadisə isə ölkədə ifadə azadlığı ilə qanuni öhdəliklər arasındakı balans məsələsini yenidən gündəmə gətirib.
