az.rasthaber.com xəbər verir ki, bu gün səhər sionist mənbələr Yəməndən işğal olunmuş Fələstin istiqamətinə yeni raket atıldığını bildirdilər. Bir qədər sonra isə Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səriə rəsmi bəyanatla çıxış edərək açıqladı:
“Zülmkar İsrail rejiminin Qəzza zolağında qardaşlarımıza qarşı həyata keçirdiyi soyqırım və aclıq siyasətinə cavab olaraq, həmçinin ölkəmizə qarşı işğalçıların təcavüzünə ilkin reaksiya kimi Yəmən ordusunun raket qüvvələri işğal olunmuş Yafa (Təl-Əviv) bölgəsində yerləşən əl-Lidd (Ben Qurion) hava limanını hədəfə alıb.”
Onun sözlərinə görə, əməliyyat “Zülfəqar” tipli ballistik raketlə həyata keçirilib və uğurla hədəfə çatıb: “Düşmənin sionist-amerikan hava hücumundan müdafiə sistemləri raketi qarşısını almaqda tam uğursuz oldu.”
Yəhya Səriə əlavə edib ki, hücum nəticəsində milyonlarla işğalçı məskunlaşan sionist sığınacaqlara qaçıb və hava limanının fəaliyyəti dayandırılıb.
O, bəzi ərəb və islam ölkələrinin susqun mövqeyini, bəzilərinin isə açıq-aşkar İsrail ilə əməkdaşlığını kəskin tənqid edərək bildirib ki, bu vəziyyət Qəzzadakı aclığın dərinləşməsinə və qurbanların artmasına yol açır.
Bəyanatda qeyd olunub ki, fələstinlilərin yaşadığı bu misilsiz faciəyə qarşı bütün xalqlar dini, mənəvi və insani borclarını yerinə yetirməli, bütün məhdudiyyətləri aradan qaldırmalıdır. Yəmən isə Qəzzaya dəstəyi təcavüz dayandırılana və mühasirə aradan qaldırılana qədər davam etdirəcək.
Xatırladaq ki, ötən gecə də Yəmən ordusu işğal olunmuş Fələstində mühüm hədəflərə uğurlu zərbələr endirib. Yəhya Səriənin məlumatına görə, ordu “Fələstin-2” adlı hipersəs ballistik raketi ilə Qüdsün qərbində strateji obyektə hücum edib və hədəf dəqiq vurulub.
Bundan başqa, Yəmən ordusunun pilotsuz uçuş aparatları da işğal olunmuş Hayfa bölgəsində həyati əhəmiyyətli obyektə zərbə endirib. Bu əməliyyat da uğurla başa çatıb.