Yəmən Ordusu: Baş Qərargah Rəisi Sionist Rejimin Hücumu Nəticəsində Şəhid Oldu

2 Dəq Oxuma Müddəti

Yəmən ordusu: Baş Qərargah rəisi İsrail hücumunda şəhid oldu

Yəmən Silahlı Qüvvələri bu gün Baş Qərargah rəisi, general Məhəmməd Əbdülkərim əl-Qəmarinin şəhid olduğunu rəsmən elan edib. Ordunun məlumatına görə, general, oğlu Hüseyn və bir neçə müşayiətçisi İsrailin Yəmənə qarşı həyata keçirdiyi hava hücumu nəticəsində şəhid olublar.

Rəsmi bəyanatda bildirilir ki, şəhidlər arasında dəniz, quru və raket qüvvələrinin yüksək rütbəli zabitləri, həmçinin hökumətin bəzi nazirləri də var. Hadisə “Vəd edilmiş fəth və müqəddəs cihad mübarizəsinin” bir hissəsi kimi dəyərləndirilib.

“General Qəmarinin şəhadəti Qüds yolundakı mübarizənin simvoludur”

Yəmən ordusunun bəyanatında qeyd olunur ki, general əl-Qəmari “öz iman borcunu yerinə yetirərkən, Qüds yolunda şəhid olan böyük fədailər karvanına qoşulub”. Onun 13 yaşlı oğlu Hüseyn də eyni hücum zamanı həyatını itirib.

Ordu bu itkini “xalq üçün həm fəxr, həm də səbir sınağı” adlandıraraq, “Qurani hərəkatın” general əl-Qəmari kimi liderlər yetişdirdiyini vurğulayıb.

“İsrail cəzasını alacaq”

Yəmən Silahlı Qüvvələri bəyan edib ki, şəhidlərin yolu davam edəcək, hərbi əməliyyatlar dayanmayacaq. “Raketlər və pilotsuz uçuş aparatları susmayacaq. Düşmənlə mübarizə Qüds azad olunana qədər davam edəcək,” – deyə ordu bildirib.

Bəyanatda əlavə edilib ki, “sionist rejim törətdiyi cinayətlərə görə sərt cavab alacaq, şəhidlərin qanı yerdə qalmayacaq”.

Yeni Baş Qərargah rəisi təyin edildi

Yəmənin rəsmi “Səba” agentliyinin xəbərinə görə, ölkə rəhbərliyi general əl-Qəmarinin şəhadətindən sonra qərar qəbul edərək, general Yusif Həsən əl-Mədənini Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib.

Ordu bəyanatının sonunda şəhidlərin qanına sədaqət andı içərək, “cihad və fədakarlıq yolunu” davam etdirəcəyini vurğulayıb:
“Şəhidlərimizin həyat yolu bizim üçün nur olacaq, onların vəsiyyətinə sadiq qalacağıq və Allahın vəd etdiyi qələbəyə qədər dayanmayacağıq.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş