Yəhudi-Amerikalı Jurnalist İsrail Həbsxanasında Gördüyü İşgəncələri Açıqladı

3 Dəq Oxuma Müddəti

“Məni donuz kimi asdılar” – İsrailin zülmü ifşa olundu

Yəhudi-amerikalı jurnalist və aktivist Noa Avişaq Şnal İsrail həbsxanasında şahidi olduğu və şəxsən yaşadığı işgəncələr barədə sarsıdıcı etiraflar edib. O, Qəzzaya yardım aparan “Azadlıq Donanması Koalisiyası”nın (Freedom Flotilla Coalition – FFC) üzvü kimi iştirak etdikdən sonra İsrail qüvvələri tərəfindən saxlanılmışdı.

Şnal şənbə günü sosial şəbəkə “X”də paylaşdığı videoda başına gələnləri danışıb: “Bizim yaşadıqlarımız fələstinli bacı-qardaşlarımızın hər gün yaşadıqları ilə müqayisə olunmaz. Bizim gördüyümüz onların gördüyü zülmün kölgəsi belə deyil,” – deyə o bildirib.

“Əllərim və ayaqlarım qandallı idi, başıma və bədənimə zərbələr endirdilər”

Jurnalistin sözlərinə görə, həbsdə olarkən o, həm fiziki, həm də psixoloji işgəncələrə məruz qalıb. “Məni, sanki donuz kimi dirəyə asdılar. Daha sonra məni otağa gətirib başıma, qarınıma və qulağıma zərbələr endirdilər,” – deyə o qeyd edib.

Şnal həmçinin bildirib ki, mühafizəçilərdən biri onun boynuna və üzünə oturub, nəticədə nəfəs almaqda çətinlik çəkib: “Ayaqlarımdakı qandallar dabanlarımı göyərtdi, barmaqlarım isə keyləşdi.”

O, bu zülmə baxmayaraq, çıxış yolu olduğunu bilib: “Mənim Amerika pasportum var idi, buna görə bilirdim ki, azad olunacağam. Amma fələstinlilərin belə bir şansı yoxdur,” – deyə o vurğulayıb.

“İşgəncələrdə irqçilik açıq şəkildə hiss olunurdu”

Jurnalist bildirib ki, İsrail qüvvələrinin davranışında açıq irqçilik müşahidə olunub. “Tunisdən və Türkiyədən olan yoldaşlarımızı ərəblərə bənzədikləri üçün dərhal seçib kənara apardılar. Onların qan içində bədənlərini öz gözlərimlə gördüm,” – deyə o söyləyib.

Onun dediyinə görə, İsrail əsgərləri kişi və qadınları ayıraraq Ketziot həbsxanasına aparıblar. “Kişilər deyirdilər ki, onları silahlı əsgərlər və hürən itlər oyadırdı. Qadınlara isə zorlanmaqla hədələyirdilər. Bu, açıq psixoloji və cinsi işgəncə idi,” – Şnal əlavə edib.

“Pasportun ədalətsiz imtiyazı”

O, həmçinin qeyd edib ki, İsrail bir gün sonra “donanma” iştirakçılarını azad etsə də, 2 minə yaxın fələstinlini, o cümlədən Qəzzadan olan 1700 nəfəri daha sonra buraxıb. “Bizim onlardan əvvəl azad olunmağımız pasportun və milliyyətin yaratdığı ədalətsiz üstünlüyü göstərir,” – deyə jurnalist bildirib.

Şnal, İsrail həbsxanalarında işgəncədən öldürülən fələstinlilərin cəsədlərinin geri qaytarıldığını, bəzilərinin tanınmaz halda olduğunu, bəzilərində isə hələ də qandalların qaldığını vurğulayıb. “Bunlar Ketziot və digər həbsxanalarda baş verir,” – deyə o əlavə edib.

İsrailin insan haqlarını pozması davam edir

“Vicdan” adlı gəmidə onlarla jurnalist və fəalla birlikdə yola çıxan Şnal, İsrailin Qəzzaya qarşı uzunmüddətli blokadasını sındırmağa çalışmışdı. Lakin İsrail ordusu 8 oktyabrda beynəlxalq sularda gəmiləri ələ keçirib, iştirakçıları Negev səhrasındakı məşum Ketziot həbsxanasına aparmışdı.

Hazırda insan haqları təşkilatlarının məlumatına görə, İsrail həbsxanalarında 9 mindən çox fələstinli, o cümlədən qadın və uşaqlar saxlanılır. Qurumlar fələstinli məhbuslara qarşı sistematik zorakılıqlara dair müstəqil beynəlxalq araşdırma aparılmasını tələb edirlər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş