BƏƏ ilə müdafiə sazişi ləğv edildi
Yəməndə Prezident Rəhbərlik Şurasının sədri Rəşad Əl-Əlimi ölkənin Birləşmiş Ərəb Əmirlikləri ilə imzaladığı birgə müdafiə sazişinin ləğv edildiyini açıqlayıb. Prezident fərmanı ilə BƏƏ Silahlı Qüvvələrinin və onlara bağlı bütün şəxsi heyətin Yəmən ərazisini maksimum 24 saat ərzində tərk etməsi tələb olunub.
Qərarda qeyd olunub ki, “Vətən Qalxanı” qüvvələri dərhal hərəkətə keçərək Hədrəməvt və Məhra vilayətlərində yerləşən bütün hərbi düşərgələri nəzarətə götürməlidir. Rəsmi sənəddə təhlükəsizlik və suverenliyin qorunmasının əsas prioritet olduğu vurğulanıb.
Ölkə üzrə fövqəladə vəziyyət elan olundu
Əl-Əlimi həmçinin Yəmənin bütün ərazisində 90 gün müddətinə fövqəladə vəziyyət elan edib. Zərurət yaranacağı təqdirdə bu müddətin uzadıla biləcəyi bildirilib. Bununla yanaşı, bütün limanlar və sərhəd-keçid məntəqələri üzrə 72 saatlıq hava, dəniz və quru blokadası tətbiq olunub.
Qadağalar yalnız “Legitimliyə Dəstək Koalisiyası”nın rəsmi icazəsi əsasında istisna edilə bilər. Prezident bildirib ki, bu addımlar ölkədə sabitliyin bərpası və nəzarətsiz silahlı fəaliyyətin qarşısının alınması məqsədi daşıyır.
Hərbi birləşmələrə koordinasiya çağırışı
Rəşad Əl-Əlimi Hədrəməvt və Məhra vilayətlərindəki bütün hərbi birliklərə müraciət edərək onların Səudiyyə Ərəbistanı tərəfindən təmsil olunan Koalisiya rəhbərliyi ilə tam koordinasiya şəraitində hərəkət etməsini tələb edib. Onun sözlərinə görə, bütün qüvvələr heç bir toqquşmaya yol vermədən əvvəlki əsas mövqelərinə qayıtmalı və nəzarət etdikləri əraziləri “Vətən Qalxanı” qüvvələrinə təhvil verməlidirlər.
Cənub Keçid Şurasından ittihamlar
Bu arada, BƏƏ tərəfindən dəstəklənən Cənub Keçid Şurasının sədr müavini Hani bin Brik Səudiyyə Ərəbistanı-nı Hədrəməvt vilayətindəki mülki limana hücumda ittiham edib. O, hücumu beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib və mülki infrastruktura zərbə endirildiyini bildirib.
Bin Brikin sözlərinə görə, mülki limanların qorunması beynəlxalq hüquqla təmin olunur və bu cür hücumlar dinc əhalinin sosial-iqtisadi həyatına ciddi zərər vurur.
Əl-Mükəlla limanına hava zərbəsi
Səhər saatlarında Səudiyyə rəhbərliyindəki koalisiya Hədrəməvt vilayətinin Əl-Mükəlla limanında xarici hərbi dəstəyə məxsus obyektin hava zərbəsi ilə vurulduğunu açıqlayıb. “Əl-Məyadin”ə danışan mənbələr bildiriblər ki, limanda hədəf alınan silahlar BƏƏ-dən gətirilmiş ağır və orta çaplı hərbi texnika olub.
Hadisə Yəməndə regional gərginliyin yeni mərhələyə keçdiyini göstərir.
