Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayan – 19 il həbs
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının mühakiməsi üzrə davam edən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunur. Məlumata görə, məhkəmə Madat Babayan barəsində yekun qərar qəbul edib.

Qeyd olunub ki, Madat Babayan barəsində ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan cinayətlər sübuta yetirilsə də, hökm elan edilənədək onun 65 yaşına çatması səbəbindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən ömürlük cəza tətbiq edilə bilməz. Nəticədə M.Babayan 19 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar onun 20 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi. Məhkəmə prosesində Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini etiraf edib. O, Qarabağdakı keçmiş qondarma rejimin silahlı dəstələrinə könüllü qoşulub.
Bako Sahakyan – 20 il azadlıqdan məhrumetmə
Məhkəmə hökmünə əsasən, Qarabağdakı keçmiş qondarma rejimin başçılarından biri olmuş Bako Sahakyan da 65 yaşına çatdığı üçün ömürlük həbs cəzası ilə cəzalandırılmayıb. O, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçıları da Sahakyan barəsində eyni müddətdə cəza verilməsini təklif etmişdi.
Arkadi Qukasyan – 20 il həbs cəzası
Məhkəmə prosesində daha bir hökm Arkadi Qukasyan barəsində elan olunub. O da ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulan cinayətlərdə təqsirli bilinsə də, yaşı nəzərə alınaraq 20 il müddətinə azadlıqdan məhrum edilib.

Arkadi Qukasyan da Qarabağdakı keçmiş qondarma rejimin başçılarından biri olub.
David Babayan – ömürlük həbs
Məhkəmə hökmünə əsasən, Qarabağdakı keçmiş qondarma rejimin “xarici işlər naziri” olmuş David Babayan barəsində ömürlük azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Dövlət ittihamçıları da onun ömürlük həbs edilməsini təklif etmişdi.
Davit İşxanyan – ömürlük azadlıqdan məhrumetmə
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Davit İşxanyan da ömürlük azadlıqdan məhrum edilib. O, Qarabağdakı keçmiş qondarma rejimin “parlament sədri” olub.

Ağır cinayətlər üzrə məhkəmə prosesi davam edir
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, soyqırımı, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəmə prosesi hökmlərin oxunması ilə davam etdirilir.
