Xocalı Soyqırımının 34-cü İldönümü – Qan Yaddaşımız

2 Dəq Oxuma Müddəti

613 nəfərin həyatına son qoyan faciə

Bu gün Xocalı soyqırımının 34-cü ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə mənfur düşmənimiz Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib.

Şəhərin təxminən 2 500 sakini mühasirədən çıxaraq Ağdam istiqamətində hərəkət etməyə çalışıb. Lakin dinc əhali yolda atəşə tutulub. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı şəxs qətlə yetirilib. 1 275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi bu günədək naməlum qalır. 475 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olub.

Faciə nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Siyasi-hüquqi qiymət və beynəlxalq kampaniya

Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsi faciə qurbanlarının xatirəsinə ehtiramın rəmzidir.

Bir sıra ölkələrin parlamentləri, o cümlədən Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina Xocalı hadisəsini soyqırımı kimi tanıyıb. ABŞ-ın bir çox ştatlarının qanunverici orqanları da faciəni müvafiq sənədlərlə tanıyıblar.

Xocalının azadlığı və qayıdış prosesi

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizlənib.

Cinayətkarların cəzalandırılması

2026-cı il fevralın 5-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə Xocalı hadisəsinin törədilməsində təqsirli bilinən bir qrup Ermənistan vətəndaşı ömürlük və ya 20 ilədək müddətə azadlıqdan məhrum edilib.

Onlar soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və digər ağır əməllərdə təqsirli biliniblər.

Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub və hər il fevralın 26-da faciə qurbanlarının xatirəsi ehtiramla anılır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş