Təxribat cəhdi
Ötən gün Xankəndi şəhərində keçirilən tədbir zamanı 1967-ci il təvəllüdlü erməniəsilli Avanesyan Karen Albertoviç silahlı təxribat törətməyə cəhd edib. Tədbir yerinə yaxınlaşarkən polis əməkdaşları tərəfindən saxlanılan Avanesyan üzərində gizlətdiyi silah-sursatla hərəkət edirmiş.
Məlumata görə, onun üzərindən “Kalaşnikov” avtomatı, dörd ədəd dolu sandıqça və beş qumbara aşkar olunub. Təxribatçı polisə silahlı müqavimət göstərib və cavab atəşi nəticəsində güllə yarası alaraq zərərsizləşdirilib. Əməliyyat zamanı bir polis əməkdaşı da yaralanıb. Hazırda Avanesyan həkim nəzarətindədir.
Keçmişdə verdiyi müsahibə
Maraqlıdır ki, həmin şəxsin 2024-cü ilin 22 martında Baku TV-yə verdiyi müsahibə üzə çıxıb. Müsahibə zamanı Avanesyan özünü azərbaycanlı kimi təqdim edib və doğma torpağından köçmək istəmədiyini bildirib:
“16 yaşımda Azərbaycan vətəndaşı oldum. Mən Ermənistan vətəndaşı deyiləm. 30 il əvvəl dəstə bura gəldi, çox insanlar qaçqın oldu. Mən Azərbaycan tarixini yaxşı bilirəm. Çünki azərbaycanlıyam”, – deyə o qeyd etmişdi.
İstintaq araşdırmaları
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət işi qaldırılıb, əməliyyat-istintaq tədbirləri aparılır. Avanesyanın təxribatı əvvəlcədən planlaşdırdığı və silahları gizli şəkildə əldə etdiyi təsdiqlənib.
Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı əlavə araşdırmalar aparır. Təxribatın təşkilatçıları və mümkün əlaqələri də istintaqın əsas istiqamətlərindən biridir.