WSJ: “İsrail siyasi baxımdan təcrid vəziyyətindədir”
ABŞ-ın Wall Street Journal (WSJ) qəzeti İsrailin Qəzza zolağında 8 oktyabr 2023-cü ildən bəri davam edən hərbi əməliyyatlarının ikinci ilini dəyərləndirərək yazıb ki, Tel-Əviv indi hər zamankindən daha güclü, lakin həm də daha tək qalıb.
Məqalədə qeyd olunur ki, İsrailin Qəzzadakı hərbi hücumları uzunmüddətli perspektivdə onun beynəlxalq imicinə və siyasi gələcəyinə ciddi zərbə vurub.
WSJ-yə görə, bu “soykırım xarakterli müharibə” nəticəsində formalaşan qlobal dalğa İsrailin beynəlxalq müttəfiqlərindən uzaqlaşmasına və tənha qalmasına səbəb olub.
Qərb dəstəyinin zəifləməsi
Nəşr yazır ki, İsrailin Qərb dünyasındakı dəstək bazası daralır və xüsusilə gənc nəsil arasında Fələstinə həmrəylik hissi güclənir. ABŞ və Avropa universitetlərində keçirilən etirazlar, sosial media kampaniyaları və ictimai rəydəki dəyişikliklər bu prosesin bariz göstəricisidir.
“Vaşinqtonun İsrailə kor-koranə dəstəyi artıq ictimaiyyətin böyük hissəsində sual altına alınıb,” – qəzet qeyd edir.
WSJ həmçinin bildirir ki, İsrailin beynəlxalq səviyyədə artan təcridi Baş nazir Benyamin Netanyahunun və gələcək liderlərin reputasiyasına uzunmüddətli zərər vuracaq.
Yeni nəsil siyasətin istiqamətini dəyişir
Qəzetin təhlilində vurğulanır ki, ABŞ-dan Avropaya qədər yeni nəsil Qəzza faciəsini öz siyasi baxışlarının formalaşmasında əsas amil kimi görür. Bu isə gələcəkdə Qərbin Yaxın Şərq siyasətinə təsir göstərəcək.
“İsrailin nüfuzu yalnız müharibənin sonu ilə bərpa oluna bilər”
ABŞ-ın İsraildəki keçmiş səfiri Daniel Şapiro WSJ-yə bildirib ki,
“İsrailin dünyadakı etibarını bərpa etməsi üçün müharibənin dərhal dayandırılması və yeni siyasi rəhbərliyin formalaşması lazımdır.”
O, qeyd edib ki, hazırkı kurs davam edərsə, İsrail təkcə siyasi deyil, həm də iqtisadi və diplomatik baxımdan ciddi itkilərlə üzləşəcək.