Rəsmi videolarda manipulyasiya iddiası
ABŞ-ın nüfuzlu “Washington Post” qəzeti prezident Donald Tramp administrasiyasının immiqrasiya əməliyyatlarında əldə etdiyi “uğurları” göstərmək üçün aldadıcı və təhrif olunmuş videolardan istifadə etdiyini açıqlayıb.
Qəzetin apardığı analitik araşdırmaya əsasən, Daxili Təhlükəsizlik Nazirliyi (DHS) tərəfindən paylaşılmış bəzi videolarda “Vaşinqtonda keçirilən əməliyyatlar” kimi təqdim edilən görüntülər əslində aylar əvvəl Los-Anceles və Florida ştatının Vest Palm Biç şəhərində lentə alınıb.
Videolar “deportasiya uğuru” kimi təqdim edilib
“Washington Post” yazır ki, avqust ayında Daxili Təhlükəsizlik Nazirliyinin sosial şəbəkə hesablarında yayımlanan bu videolar, Vaşinqtonda “milli təhlükəsizlik uğuru” kimi təqdim edilib. Paylaşımlarda federal polis qüvvələrinin “millətin ruhu uğrunda mübarizə apardığı” və “gecə-gündüz cinayətkar miqrantları yaxalayıb deportasiya etdiyi” iddia olunub.
Lakin qəzet müəyyən edib ki, bu kadrlardan bir neçəsi May ayında Massaçusets sahillərindəki Nantaket adası yaxınlığında saxlanılan miqrantların görüntüləridir — Vaşinqtondan təxminən 400 mil uzaqda çəkilib.
“Saxta kadrlarla ictimai rəyin formalaşdırılması”
Araşdırmaya görə, Tramp administrasiyasına bağlı rəsmilər son üç ayda yayımlanan ən azı altı rəsmi videoda oxşar manipulyasiyalara yol veriblər. Bu görüntülər milyonlarla baxış toplayaraq, ictimaiyyətdə “kütləvi deportasiyanın uğurla aparıldığı” təəssüratını yaradıb.
Qəzet yazır ki, bəzi videolarda Trampın “əvvəlki administrasiyaların uğursuzluqlarını göstərmək” məqsədilə təqdim etdiyi kadrlar, əslində onun ilk prezidentlik dövründə çəkilmiş sərhəd keçidləri və qaçaq daşınma əməliyyatlarına aiddir.
Nazirlik iddiaları təkzib etmədi
“Washington Post” Daxili Təhlükəsizlik Nazirliyinə təqdim etdiyi siyahıda təhrif olunmuş videoları dəqiqliklə göstərib. Nazirliyin sözçüsü Trişa Makloqlin isə səhvləri təkzib etməyib, sadəcə bildirib ki, bu cür hallar “ildə yayımlanan 400-dən çox videodan yalnız kiçik bir hissəsini təşkil edir”.
O əlavə edib:
“Qanun mühafizə orqanlarına qarşı zorakılıq harada baş verməsindən asılı olmayaraq qəbuledilməzdir.”
Mətbuatdan və ictimaiyyətdən sərt reaksiya
ABŞ mediası bu hadisəni ictimai rəyin manipulyasiyası kimi qiymətləndirib. Mütəxəssislər bildirirlər ki, rəsmi dövlət qurumlarının yanlış təsvir edilmiş materiallardan istifadə etməsi etimad böhranına yol aça bilər və gələcəkdə hökumət məlumatlarının şəffaflığına zərbə vurur.
“Washington Post”un nəticəsinə görə, bu hadisə Tramp administrasiyasının miqrasiya siyasətini dəstəkləmək üçün emosional və vizual manipulyasiyaya əsaslanan kommunikasiya strategiyasından yararlandığını göstərir.

 
			 
                                
                              
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		