Güclü yağışlar fəlakətə çevrildi
Vyetnamın mərkəzi əyalətlərində davam edən leysan yağışları sel və torpaq sürüşmələrinə səbəb olub. Rəsmilərin açıqlamasına görə, son günlərdə baş verən təbii fəlakətlər nəticəsində ən azı 28 nəfər həyatını itirib, 6 nəfər isə itkin düşüb.
“VN Express” xəbər portalının məlumatına görə, ən çox insan tələfatı Hue və Da Nang şəhərlərində qeydə alınıb. Təbii fəlakət nəticəsində təxminən 22 min 100 ev su altında qalıb, çoxsaylı binalar isə ciddi zərər görüb.
Minlərlə ev işıqsız qalıb
Hakimiyyət orqanlarının açıqlamasına əsasən, təbii fəlakət səbəbindən bölgədəki 245 minə yaxın evə elektrik enerjisi verilə bilmir. Xilasetmə və təmir briqadaları fasiləsiz rejimdə çalışır, lakin yolların bəziləri hələ də bağlı qalır.
Bəzi dəmir yolu xətləri fəlakət zamanı dayandırılsa da, hazırda mərhələli şəkildə bərpa edilir. Lakin dağlıq ərazilərdə sürüşmələr davam etdiyi üçün bəzi kəndlərə giriş mümkün deyil.
Yağışlar noyabrın 4-nə qədər davam edəcək
Vyetnam Meteorologiya İdarəsi oktyabrın 28-də verdiyi məlumatda, Hue şəhərində 24 saat ərzində rekord miqdarda yağıntı qeydə alındığını açıqlayıb. İdarə xəbərdarlıq edib ki, güclü yağışlar noyabrın 4-nə qədər davam edə bilər və bu, yeni sel və torpaq sürüşməsi riskini artırır.
Xilasetmə xidmətləri və ordu qüvvələri bölgəyə cəlb olunub. Rəsmilər əhaliyə dağlıq və çay kənarı ərazilərdən uzaq durmaq, təxliyə göstərişlərinə əməl etmək çağırışı ediblər.
Hökumətdən yardım və təxliyə planı
Vyetnam hökuməti fəlakətdən zərər çəkən bölgələrə fövqəladə yardım göndərib. Yerli hakimiyyətlər minlərlə insanın təhlükəsiz ərazilərə köçürülməsi üçün təxliyə mərkəzləri yaradıblar.
İqlim mütəxəssisləri bildirir ki, bu cür ekstremal hava hadisələrinin sayı son illərdə qlobal istiləşmənin təsiri ilə əhəmiyyətli dərəcədə artıb.
