Visa Suriyada rəqəmsal ödəniş xidmətlərinə start verir
Dünyanın ən böyük rəqəmsal ödəniş şirkətlərindən olan Visa, Suriya Mərkəzi Bankı ilə ölkədə rəqəmsal ödəniş ekosisteminin qurulmasına yönəlik strateji əməkdaşlıq barədə razılığa gəldiyini açıqlayıb. Şirkətin bildirdiyinə görə, bu əməkdaşlıq Suriyanın qlobal rəqəmsal iqtisadiyyata sürətli inteqrasiyasını dəstəkləmək məqsədi daşıyır.
Visa-nın yaydığı rəsmi açıqlamada qeyd olunur ki, şirkət Suriya Mərkəzi Bankı, maliyyə tənzimləyiciləri və digər institutlarla birlikdə müasir, təhlükəsiz və beynəlxalq standartlara uyğun ödəniş sisteminin qurulması üçün addımlar atır. Bu proses çərçivəsində ölkədə mərhələli rəqəmsallaşma proqramı həyata keçiriləcək.
Öncəlik — təhlükəsiz və dayanıqlı ödəniş infrastrukturu
Visa bildirir ki, Suriyada fəaliyyətin ilk mərhələsi lisensiyalı maliyyə qurumları ilə əməkdaşlıq edərək etibarlı ödəniş infrastrukturunun qurulması olacaq. Şirkət gələcəkdə həm istehlakçılar, həm də bizneslər üçün nağdsız ödəniş imkanlarını genişləndirməyi hədəfləyir.
Rəqəmsal ödəniş ekosisteminin qurulması Suriyada maliyyə xidmətlərinə çıxışı artırmağı, iqtisadiyyatın rəqəmsal transformasiyasını sürətləndirməyi və beynəlxalq ticarət əlaqələrini asanlaşdırmağı nəzərdə tutur.
Visa, Suriyanın uzun illər davam edən iqtisadi və bank məhdudiyyətlərinə baxmayaraq, ölkəni qlobal ödəniş infrastrukturuna yaxınlaşdırmağı strateji əhəmiyyətli addım kimi dəyərləndirir.
