Vilayəti: ABŞ Diz Çökdü, Strateji Uduzdu

2 Dəq Oxuma Müddəti

İran: ABŞ geri çəkilməyə məcbur olub

İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti bildirib ki, ABŞ-ın atəşkəs şərtlərini qəbul etməsi Vaşinqton üçün açıq strateji məğlubiyyət deməkdir. Onun sözlərinə görə, bu qərar ABŞ administrasiyasiyasının regiondakı siyasətinin uğursuzluğunu nümayiş etdirir.

Vilayəti qeyd edib ki, İran tərəfi bu nəticəni uzunmüddətli müqavimət və hərbi-siyasi sabitlik sayəsində əldə edib.

“İran ordusu tam hazırlıq vəziyyətindədir”

Rəsmilərin açıqlamasına görə, İran Silahlı Qüvvələri yüksək döyüş hazırlığını qoruyur. Vilayəti vurğulayıb ki, İran ordusu münaqişənin ilk günündə olduğu kimi hazır vəziyyətdə qalır.

O xəbərdarlıq edib ki, atəşkəsin pozulması halında İran tərəfi qəti və çəkindirici cavab verəcək.

“Hər hansı səhv cavabsız qalmayacaq”

Vilayəti “ibrani-ərəb-amerikan cəbhəsi” adlandırdığı tərəflərin mümkün addımlarına da toxunub. Onun sözlərinə görə, hər hansı yanlış hesablama və ya razılaşmanın pozulması ciddi nəticələr doğuracaq.

Tehran bu kontekstdə qarşı tərəfi ehtiyatlı olmağa çağırıb.

Yeni qlobal nizamda İranın rolu

İran rəsmisi çıxışında qlobal siyasi dəyişikliklərə də diqqət çəkib. Vilayəti bildirib ki, dünya artıq çoxqütblü sistemə doğru irəliləyir və bu proses İranın beynəlxalq mövqeyini gücləndirib.

Onun sözlərinə görə, İran artıq sıradan dövlət deyil və yeni qlobal düzəndə “İslam qütbünün mərkəzi” rolunu oynayır.

Regionda gərginlik fonunda açıqlama

Vilayətinin bu bəyanatı İran və ABŞ arasında əldə olunan atəşkəs razılaşması fonunda səsləndirilib. Tərəflər arasında hərbi əməliyyatların müvəqqəti dayandırılması regionda gərginliyin azalmasına səbəb olsa da, qarşılıqlı ittihamlar davam edir.

Analitiklər hesab edir ki, bu cür açıqlamalar tərəflər arasında siyasi və informasiya mübarizəsinin davam etdiyini göstərir.

Diplomatik proses davam edir

Hazırda tərəflər arasında danışıqların davam etdiyi və yekun razılaşmanın əldə olunması üçün səylərin sürdüyü bildirilir. İran tərəfi isə mövqeyinin güclü olduğunu vurğulamaqda davam edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş