Venesuela: ABŞ təhdidlərinə qarşı qəti mövqe nümayiş olunur
Venesuela Müdafiə Naziri Vladimir Padrino Lopez ABŞ-ın son həftələrdə Karib hövzəsində həyata keçirdiyi hərbi aktivlik və təzyiq siyasətinə sərt reaksiya verib. Dövlət televiziyası VTV-nin məlumatına görə, nazir ABŞ-ı “insanlıq tarixinin ən dağıdıcı imperiyalarından biri” adlandırıb və Vaşinqtonun hərbi güc vasitəsilə öz maraqlarını diktə etməyə çalışdığını bildirib.
Lopez deyib ki, ABŞ bombardmançı təyyarələr, raketlərlə təchiz edilmiş döyüş gəmiləri və nüvə enerjisi ilə işləyən sualtı qayıqlar vasitəsilə Venesuelanı təhdid etməyə çalışır:
“Biz heç bir imperiyanın köləsi deyilik. Biz nə etdik? Xalq olaraq başıdik şəkildə cavab verdik.”
ABŞ hərbi təlimləri narazılıq doğurur
Nazir ABŞ-ın Trinidad və Tobaqoda keçirdiyi hərbi təlimləri də kəskin tənqid edib. Onun sözlərinə görə, bölgəyə edilən istənilən hava və dəniz yerləşdirməsi Venesuelanın müstəqilliyinə təsir edə bilməz:
“Nə qədər güclü və qorxuducu olursa olsun, azadlığımızı əlimizdən ala bilməzlər.”
Maduro: “Bizə diktatura damğası vurmaq istəyirlər”
Venesuela Prezidenti Nikolas Maduro isə Miraflores sarayında iştirak etdiyi filmin nümayişindən sonra etdiyi çıxışda ABŞ-ın beynəlxalq media üzərindən onu “diktator” kimi göstərməyə çalışdığını bildirib:
“Vaşinqton Venesuelada guya rejim və diktatorluq olduğunu iddia edir. Bu, artıq köhnəlmiş və təsirsiz bir ritorikadır.”
Karib hövzəsində artan gərginlik
ABŞ Prezidenti Donald Tramp daha əvvəl imzaladığı qərarnamə ilə Latın Amerikasında narkotik qaçaqçılığına qarşı “yerində mübarizə” üçün ABŞ ordusunun daha geniş şəkildə istifadəsini tələb etmişdi. Bu çərçivədə ABŞ Venesuela sahillərinə sualtı qayıqlar və döyüş gəmilərindən ibarət dəniz qüvvələri göndərmişdi.
ABŞ müdafiə naziri Pit Hegset isə ABŞ ordusunun Venesuelada “rejim dəyişikliyi də daxil olmaqla” bütün əməliyyatlara hazır olduğunu bildirmişdi. Buna cavab olaraq Maduro 4,5 milyon milisdən ibarət qüvvəni səfərbər etdiyini və ölkəni müdafiəyə hazır olduqlarını açıqlamışdı.
Hüquqi narazılıqlar və beynəlxalq reaksiyalar
ABŞ-ın Venesuela sularında bəzi gəmiləri “narkotik qaçaqçılığı” iddiası ilə hədəf alması həm Karakas, həm də beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqid edilib. Bu addımların “beynəlxalq hüquqa zidd” olduğu vurğulanıb.
Bundan başqa, ABŞ-ın dünyanın ən böyük aviadaşıyıcısı sayılan USS Gerald R. Ford gəmisini bölgəyə göndərməsi gərginliyin daha da artdığını göstərir.
Venesuela hakimiyyəti isə bildirir ki, ölkə suverenliyini qorumaqda qətiyyətlidir və heç bir xarici təzyiq bu mövqeni dəyişməyəcək.
