“Vaşinqton Post”: Tramp Machadoya Dəstəyi Kəsdi

3 Dəq Oxuma Müddəti

Trampın Machadoya münasibəti dəyişdi

ABŞ-ın nüfuzlu “Vaşinqton Post” qəzeti yazır ki, Prezident Donald Tramp Venesuelada müxalifətin perspektivlərini, o cümlədən müxalifət lideri Maria Korina Machadonun rolunu faktiki olaraq istisna edib. Qəzetin məlumatına görə, Tramp Machadonu ölkəyə rəhbərlik edə biləcək siyasi fiqur kimi görmür.

Tramp şənbə günü Machado ilə bağlı suala cavab verərkən bildirib ki, “onun lider olması son dərəcə çətindir”. ABŞ prezidenti iddia edib ki, Machado Venesuela daxilində nə kifayət qədər dəstəyə, nə də hörmətə malikdir.

Müxalifət daxilində məyusluq

Qəzetin yazdığına görə, Machadonun komandasına yaxın mənbələr Trampın bu açıqlamalarından ciddi şəkildə təəccübləniblər. Xüsusilə ona görə ki, Machado ötən ay ABŞ-ın köməyi ilə Venesuelanı gizli şəkildə tərk edərək Norveçdə keçirilən Nobel Sülh Mükafatı mərasiminə qatılıb.

Mənbələr bildirir ki, Trampın bu mövqeyi müxalifət düşərgəsində ciddi ruh düşkünlüyünə səbəb olub və Vaşinqtonun Venesuela müxalifətinə yanaşmasının dəyişdiyi qənaətini gücləndirib.

Xaricdəki müxalifətin təsir imkanları

“Vaşinqton Post” qeyd edir ki, Machado və tərəfdarları bazar günü Venesuela diasporunu etiraz aksiyalarına çağırıblar. Lakin müxalifətin iki əsas fiqurunun ölkə xaricində olması bu çağırışların effektivliyini azaldıb. Belə ki, Edmundo Qonsales hazırda İspaniyada yerləşir, Machadonun harada olduğu isə rəsmi şəkildə məlum deyil.

Qəzet yazır ki, liderliyin ölkə daxilində olmaması Venesuelada kütləvi etirazların təşkili imkanlarını xeyli məhdudlaşdırır və müxalifətin zəif nöqtələrindən biri kimi dəyərləndirilir.

“Acı reallıqlar” dövrü

Venesuela müxalifətinin tanınmış simalarından biri adının açıqlanmasını istəməyərək “Vaşinqton Post”a bildirib ki, Trampın açıqlamaları müxalifət daxilində bir çoxları üçün son dərəcə sərt olub. Onun sözlərinə görə, “hər bir keçid mərhələsi müəyyən acı reallıqların qəbulunu tələb edir”.

Həmin şəxs əlavə edib ki, qarşıdakı 48 saat Venesuelada hakimiyyət daxilində mümkün dəyişikliklərin olub-olmayacağını göstərə bilər. Onun fikrincə, Rodrigesin sərt xətt tərəfdarı olan nazirləri əvəz edərək daha yumşaq keçidə şərait yaradıb-yaratmayacağı və ya Maduronun hakimiyyətinin “xarici nəzarət” altında davam edib-etməyəcəyi yaxın vaxtda aydınlaşacaq.

Nobel mükafatı amili

Qəzetin Ağ Evə yaxın iki mənbəyə istinadən yazdığına görə, Trampın Machadonu dəstəkləməməsinin əsas səbəblərindən biri onun Nobel Sülh Mükafatını qəbul etməsidir. Bildirilir ki, Tramp bu mükafatı açıq şəkildə özü üçün arzulayırdı.

Mənbələrdən biri Nobel mükafatının qəbulunu “bağışlanmaz səhv” adlandıraraq bildirib: “Əgər o, mükafatı rədd edib desəydi ki, bu mükafat Donald Trampa məxsusdur, bu gün Venesuelanın prezidenti ola bilərdi”. Hərçənd Machado sonradan mükafatı Trampa ithaf etdiyini açıqlayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş