ÜST: Qəzzada Səhiyyə Sisteminin Cəmi Kiçik Hissəsi Fəaliyyət Göstərə Bilir

2 Dəq Oxuma Müddəti

ÜST: “Qəzzada səhiyyə sistemi çökmək üzrədir”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin üzrə nümayəndəsi Rik Peeperkorn, Qəzzada səhiyyə sisteminin yalnız kiçik bir hissəsinin hələ də fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, bölgədə tibbi xidmətlər demək olar ki, iflic vəziyyətindədir və mövcud imkanlar əhalinin ehtiyaclarını qarşılamır.

“Qəzzada səhiyyə sisteminin yalnız cüzi hissəsi işləyir. Xəstəxanalardakı doluluq səviyyəsi normanı çoxdan keçib. 2,1 milyon əhali üçün cəmi 2107 çarpayı mövcuddur,” – deyə ÜST rəsmisi Cenevrədən onlayn mətbuat konfransında bildirib.

36 xəstəxanadan yalnız 14-ü qismən fəaliyyət göstərir

Peeperkorn qeyd edib ki, Qəzzada fəaliyyət göstərən 36 xəstəxanadan yalnız 14-ü qismən işlək vəziyyətdədir. Qalan xəstəxanalar ya dağıdılıb, ya da yanacaq, avadanlıq və tibbi ləvazimat çatışmazlığı səbəbindən bağlanıb.

“Xəstələr yer tapmadığı üçün bəzən döşəmədə müalicə olunur. Yaralıların sayı durmadan artır, amma həkimlər və dərman çatışmazlığı səbəbilə vəziyyət dözülməz hal alıb,” – deyə o vurğulayıb.

ÜST nümayəndəsi əlavə edib ki, Kerem Ebu SalimKissufim sərhəd-keçid məntəqələri hazırda açıq olsa da, Rəfəh keçidi hələ də bağlıdır, bu da humanitar yardımların daxil olmasını çətinləşdirir.

15 min xəstə təxliyə gözləyir

ÜST-ün məlumatına görə, 2023-cü ilin oktyabrından bu yana 7 min 782 xəstə 20-dən çox ölkəyə tibbi məqsədlə təxliyə olunub, lakin hələ də 15 minə yaxın xəstə təxliyə üçün növbədədir.

Eyni zamanda, 2025-ci ildə aclıq və qidalanma çatışmazlığı nəticəsində 411 nəfər, o cümlədən 109 uşaq həyatını itirib. Həlak olan uşaqlardan 84-ü beş yaşdan kiçikdir.

“Qidalanma çatışmazlığı və humanitar yardıma çıxışın məhdudluğu xüsusilə uşaqlar arasında ölüm hallarını artırır. Yardımın tam bərpa olunmaması fəlakətli nəticələrə gətirib çıxara bilər,” – deyə Peeperkorn xəbərdarlıq edib.

“Bütün yollar açılmalıdır”

Peeperkorn qeyd edib ki, iki həftə əvvəl qüvvəyə minmiş atəşkəs Qəzzaya giriş imkanlarını müəyyən qədər yaxşılaşdırsa da, vəziyyət hələ də qənaətbəxş deyil:

“Bəli, müəyyən dərəcədə irəliləyiş var, amma bu kifayət deyil. Qəzzaya aparan bütün yollar tam açılmalıdır. ÜST sahədə fəaliyyət göstərir və əməliyyatlarını sürətlə genişləndirir.”

ÜST beynəlxalq ictimaiyyəti Qəzzadakı səhiyyə sistemini xilas etmək və humanitar girişləri bərpa etmək üçün təcili tədbirlər görməyə çağırıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş