UNICEF: Qəzzada uşaqlar üçün vəziyyət “son dərəcə təhlükəlidir”
BMT Uşaq Fonunun (UNICEF) sözçüsü Rikardo Pires Qəzzada uşaqların ağır qış şərtləri altında yaşadıqlarını, minlərlə ailənin su basmış, soyuq və yararsız çadırlarda qalmağa məcbur olduğunu bildirib. O, Cenevrədə keçirilən BMT mətbuat brifinqində Qəzzada humanitar böhranın daha da dərinləşdiyini vurğulayıb.
Pires, BMT Təhlükəsizlik Şurasının Qəzzada “Sülh Şurası” və “Beynəlxalq Sabitlik Qüvvəsi”nin yerləşdirilməsini nəzərdə tutan ABŞ layihəsini qəbul etməsinə diqqət çəkərək, “Sülh təşəbbüslərinin vəziyyəti yaxşılaşdıracağına ümid edirik, amma uşaqların real həyatı hələ də fəlakətlidir” deyib.
UNICEF rəsmisi humanitar yardım girişinin artırılmasının zəruriliyini bir daha qeyd edərək əlavə humanitar dəhlizlərin açılmasına ehtiyac olduğunu bildirib.
“Uşaqlar travma içində, su altında qalmış çadırlarda yatır”
Pires Qəzzada son günlər intensiv yağan yağışların və yaranan daşqınların minlərlə köçkün ailənin həyatını dözülməz hala gətirdiyini deyib:
“Çadırları su basan ailələr tamamilə aciz vəziyyətdədir. Son iki ildə bir neçə dəfə yurdlarından didərgin düşüblər, əllərində heç nə qalmayıb. Uşaqlar quru geyim və yataqsız, zəif qidalanmış, immuniteti aşağı düşmüş halda, su içində olan çadırlarda gecələyirlər.”
O, Qəzzada havaların soyuması ilə hipotermi, tənəffüs yolu infeksiyaları və ölüm riskinin kəskin şəkildə artdığını bildirib. Piresin sözlərinə görə, hazırda Qəzzada ailələrin ən təcili ehtiyacları arasında yorğan, isti geyim, dərman və təhlükəsiz sığınacaq dayanır.
UNOCHA: BMT qətnaməsi hələ icra mərhələsində deyil
BMT Humanitar İşlər Koordinasiya Ofisinin (UNOCHA) sözçüsü Yens Lerke də Cenevrədə verdiyi açıqlamada Təhlükəsizlik Şurasının son qərarının “hələ nəzəri mərhələdə” olduğunu deyib. Lerke, qərarın yerinə yetirilməsi üçün əlavə izahat və konkretləşdirmələrə ehtiyac olduğunu bildirib.
Humanitar qurumlar Qəzzada milyonlarla insanın təcili yardıma ehtiyacı olduğu bir vaxtda yardım girişinin sürətlə artırılmasını tələb edir.
