Ukraynada Enerji Obyektlərinə Kütləvi Hücum: Kiyevdə İşıq və Su Kəsildi

3 Dəq Oxuma Müddəti

Rusiyanın genişmiqyaslı zərbələri enerji sistemini hədəfə aldı

Ukrayna Energetika Nazirliyi çərşənbə axşamı səhər saatlarında ölkənin enerji infrastrukturuna qarşı “kütləvi hücumun” həyata keçirildiyini açıqlayıb. Nazirlik Telegram vasitəsilə yayımladığı məlumatda bildirib ki, enerji obyektlərinə geniş miqyaslı zərbələr endirilir və təhlükəsizlik şəraiti imkan verdiyi halda işçilər zədələri qiymətləndirib bərpa işlərinə başlayacaqlar.

Ukrayna ordusu da paytaxt Kiyevin eyni vaxtda pilotsuz uçuş aparatları və raketlərlə hücuma məruz qaldığını təsdiqləyib. Səhərin ilk saatlarında şəhərin müxtəlif hissələrində güclü partlayışlar eşidilib, hava hücumu sirenləri bütün ölkə üzrə səsləndirilib.

Kiyevdə işıq və su təchizatı dayandı

Kiyev şəhərinin meri Vitali Kliçko bəzi rayonlarda elektrik və su təchizatının tam kəsildiyini bildirib. Hücumların ardınca şəhərdə təcili xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib, sakinlərə sığınacaqlarda qalmaq tövsiyə edilib.

Kiyev Hərbi Administrasiyasının rəhbəri Timor Takachenko ölkə üzrə ballistik raket təhlükəsinin davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, “Şahid” tipli PUA-lar və qanadlı raketlər havada aşkar edilib, eyni zamanda “Kinzal” ballistik raketlərinin buraxılması ehtimalı da mövcuddur. Hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi və çoxsaylı hədəflərin vurulduğu bildirilib.

Xarkovda 4 nəfər həlak oldu

Bundan əvvəl, bazar ertəsi gecə Xarkov şəhərinə edilən Rusiya hücumu nəticəsində 4 nəfər həyatını itirib, 17 nəfər isə yaralanıb. Şəhərdə yaşayış məhəllələri və sənaye obyektləri ciddi ziyan görüb.

Rusiya əraziləri də hücuma məruz qaldı

Eyni saatlarda Ukraynanın Rusiya ərazilərinə pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində Krasnodar vilayətində ən azı 6 nəfərin yaralandığı bildirilib. Vilayətin qubernatoru Venyamin Kondratyev bu hücumu “Kiyev rejiminin ən böyük və ən ağır hücumlarından biri” kimi qiymətləndirib. Hücumlar nəticəsində 5 bələdiyyədə azı 20 ev zədələnib.

Rostov vilayətində də PUA hücumu nəticəsində 3 nəfər yaralanıb, sənaye zonasındakı müəssisələrdən birində yanğın baş verib. Novorossiysk şəhərində isə 3 yaşayış binasının zərər gördüyü, 4 nəfərin yaralandığı açıqlanıb.

İsveçrədə görüş və müzakirələr

Hücumlar Ukrayna, ABŞ və Avropa rəsmilərinin İsveçrədə ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukraynada müharibənin sona çatdırılması ilə bağlı planını müzakirə etdikləri toplantının ardınca baş verib. Sənədin ilkin variantı Kiyev və Avropa paytaxtları tərəfindən qəbul edilməyib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bazar ertəsi bəyan edib ki, aparılan danışıqlarda müəyyən irəliləyiş var, lakin “Rusiyayla real sülhə nail olmaq” üçün daha çox addıma ehtiyac duyulur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş