Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ötən gecə ölkə ərazisinə pilotsuz uçuş aparatları (PUA) və raketlərdən istifadə etməklə 526 hücum təşkil edib.
Zelenski ABŞ mərkəzli X sosial media platformasında paylaşımında qeyd edib ki, Rusiyanın hücumları nəticəsində ölkənin bir çox bölgəsində mülki infrastruktur, enerji obyektləri, nəqliyyat mərkəzləri və yaşayış yerləri hədəfə alınıb.
Onun sözlərinə görə, ümumilikdə 526 vasitə ilə hücum edilib, onların 500-dən çoxu PUA, 24-ü isə raket olub.
Prezident bildirib ki, ölkə üzrə çoxsaylı binalara ziyan dəyib, yanğınların söndürülməsi və dağıntıların aradan qaldırılması üçün bütün aidiyyəti qurumlar səfərbər olunub.
Zelenski vurğulayıb ki, hücumların davam etməsində Rusiyaya kifayət qədər təzyiq göstərilməməsi rol oynayır:
“(Rusiya Prezidenti Vladimir) Putin cəzasız qalmasının nəticələrini nümayiş etdirir. Dünya buna mütləq cavab verməlidir.”
O əlavə edib ki, gün ərzində bəzi Avropa ölkələri ilə Rusiyaya qarşı əlavə təzyiq tədbirlərini müzakirə edəcək.