UEFA İsraili Futboldan Uzaqlaşdırmaq Barədə Qərar Verə Bilər

2 Dəq Oxuma Müddəti

UEFA-nın İsrail qərarı gündəmdə

Avropa futbolunun ali qurumu UEFA, BMT Araşdırma Komissiyasının İsrailin Qəzzada soyqırım törətdiyini açıqlamasından sonra təcili toplantı çağırıb. İngiltərə mətbuatının məlumatına görə, iclas gələn həftə keçiriləcək və burada İsrailin üzvlüyünün dayandırılıb-dayandırılmaması barədə qərar veriləcək.

Məlumata əsasən, UEFA İcraiyyə Komitəsinin əksər üzvləri İsrailə sanksiya tətbiq olunmasının tərəfdarıdır. Bir çox milli futbol federasiyası da bu mövqeyi dəstəkləyir.

Dünya Kubokuna təsiri

Əgər qərar müsbət nəticələnərsə, İsrail 2026 FIFA Dünya Kuboku Avropa seçmələrinə qatılmaq imkanını itirəcək. Çünki Avropa seçmə oyunlarını UEFA təşkil edir. Bu addım, FIFA-nı da İsrailə qarşı oxşar qərar qəbul etməyə təzyiq altında qoya bilər.

İnsan haqları çağırışları

BMT İnsan Haqları Ofisi bu həftə UEFA və FIFA-ya müraciət edərək İsrailin beynəlxalq futbol ailəsindən kənarlaşdırılmasını tələb edib. Bəyanatda qeyd olunub ki, “idman, soyqırımı normal kimi göstərmək üçün platforma ola bilməz. İnsan haqları pozuntularına görə dövlətlərin milli komandaları əvvəllər də dayandırılıb, indi də dayandırılmalıdır.”

Avropada stadionlarda etiraz

Son aylarda Avropanın bir çox stadionunda İsrail əleyhinə aksiyalar keçirilib. UEFA-nın avqustda İtaliyanın Udine şəhərində keçirilən Superkubok finalında “Uşaqları öldürməyi dayandırın, mülki şəxsləri öldürməyi dayandırın” yazılı pankart diqqət çəkmişdi.

Çərşənbə günü keçirilən PAOK – Makkabi Təl-Əviv oyunu zamanı da yunan azarkeşlər tribunada “Soyqırımı dayandırın” və “İsrailə qırmızı kart” pankartları açıblar. Minlərlə azarkeş isə UEFA-ya ünvanlanan və “Soyqırım törədənlərlə ədalətli oyun olmaz” ifadəsinin yer aldığı müraciəti imzalayıb.

Növbəti oyunlar və boykot çağırışları

İsrail oktyabr ayında DÇ-2026 seçmə mərhələsində əvvəlcə Norveç, sonra isə İtaliya ilə qarşılaşacaq. Norveç Futbol Federasiyası artıq İsraillə oyunlardan əldə ediləcək gəlirin Qəzzadakı humanitar yardımlar üçün “Həkimlər Sərhəd Tanımır” təşkilatına bağışlanacağını açıqlayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş