Təl-Əvivdə Əsir Ailələri Netanyahunu Sərt İttiham Etdi

2 Dəq Oxuma Müddəti

“Əsirləri siyasi məqsədlərinə qurban verir”

İsraildə əsirlərin ailələri  Təl-Əvivdə Müdafiə Nazirliyinin yaxınlığında aksiya keçiriblər. Onlar Baş nazir Benyamin Netanyahunu övladlarının azadlığı naminə deyil, şəxsi siyasi gələcəyi uğrunda qərarlar verməkdə ittiham ediblər.

Etirazçılar bildiriblər ki, Netanyahu danışıqların hər dəfə uğurla nəticələnə biləcəyi məqamda prosesi pozur. “O, hər fürsəti boşa çıxarır və müharibənin bitməsinə imkan vermir. Bu dəfə isə danışıqları öz əlləri ilə partlatdı,” – deyə nümayişçilərdən biri “Yediot Aharonot” qəzetinə açıqlama verib.

“Danışıqları pozan onları qaytarmaq istəmir”

Əsir Matan Tsengaokerin anası isə çıxışında bildirib: “Təkcə güclü təzyiq Netanyahunu məcbur edə bilər ki, əsirlərin azad olunması üçün hərtərəfli razılaşmaya getsin. O, əsirləri siyasi gələcəyi naminə qurban verir. Kim onları qaytarmaq istəyirsə, danışıqlar aparan tərəfi bombalamaz, əksinə, tammiqyaslı razılaşmaya razı olar.”

Dohadakı danışıqlara hücum kölgə salıb

Aksiyalar İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə qarşı hücum cəhdi fonunda baş verib. Bu hadisə əsir ailələri arasında danışıqların iflasa uğraya biləcəyi qorxularını daha da gücləndirib.

Müxalifət: “Netanyahunun siyasəti İsraili zəiflədir”

İsrail müxalifətinin lideri Yair Lapid də çıxış edərək Netanyahunun siyasətini “məsuliyyətsizlik, səriştəsizlik və təkəbbürün təhlükəli qarışığı” adlandırıb. Onun sözlərinə görə, hazırkı hökumət İsrailin beynəlxalq mövqelərini zəiflədir və ölkəni diplomatik təcridə aparır.

Lapid hökumətin dərhal dəyişdirilməsinin vacibliyini vurğulayıb: “Gec olmadan bu hökuməti əvəzləmək lazımdır. Əks halda İsrailin siyasi və diplomatik gələcəyi ciddi təhlükə altına düşəcək.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş