İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhəri, yalnız tarixi və mədəni kimliyi ilə deyil, həm də dünyanın ən böyük bazarlarından birinə ev sahibliyi etməsi ilə diqqət çəkir.

Təməli Səlcuqlular dövründə qoyulan Təbriz Bazarı, Elxanlılar, Səfəvilər və Qacarlar dövründə genişləndirilərək bugünkü möhtəşəmliyinə qovuşub. İpək Yolu üzərində tarix boyu mühüm bir ticarət mərkəzi olan bazar əsrlər boyu həm yerli əhalinin, həm də xarici tacirlərin görüş yeri olub.

Əvvəllər Təbriz Bazarı tarixi İpək Yolu üzərində bir bazar kimi meydana gəlsə də, zaman keçdikcə həm ölçüsü, həm də əhəmiyyəti artıb.

Səlcuq dövründə yalnız ticarət binalarına deyil, həm də mədrəsələr və dini məkanlar da daxil olmaqla mədəniyyət ocaqlarına ev sahibliyi edən çarşı bu xüsusiyyəti ilə Təbrizin yalnız iqtisadi deyil, həm də sosial və mədəni bir mərkəz kimi inkişafına töhfə verib.

Bazarın həqiqi mənada inkişafı isə XVI əsrdə Səfəvilər dövründə, ipək, ədviyyat və müxtəlif malların satıldığı mühüm bir ticarət mərkəzinə çevrilməsi ilə baş verib. Bu rifah sonrakı dövrlərdə də davam edib və çarşı əsrlər boyunca müxtəlif yenilənmə və genişlənmələrdən keçib.


1780-ci ildə Təbrizdə baş verən 7,4 bal gücündə zəlzələ şəhərin tarixi ticarət mərkəzini demək olar ki, yararsız hala saldı. Böyük dağıntıdan sonra Təbriz Qacarlar dövründə yenidən bərpa olundu. Xüsusilə bazar və dini abidələr ənənəvi islam memarlığının izlərini daşıyan təmirlər nəticəsində bugünkü görünüşünə qovuşdu. XVIII əsrdən sonrakı dövrdə orijinala sadiq qalınaraq aparılan bu restavrasiyalar Təbrizin bu gün UNESCO-nun Dünya İrsi siyahısında yer alan bazarın formalaşmasında həlledici rol oynadı.



