Türkiyədə PKK ilə Bağlı Yeni Qanun Layihəsi Parlamentə Təqdim Olundu

2 Dəq Oxuma Müddəti

Qanun layihəsi 360 deputatın imzası ilə təqdim olunub

Türkiyənin Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının sədri Abdullah Gülər “Milli həmrəyliyin və ictimai inteqrasiyanın gücləndirilməsi haqqında” qanun layihəsinin parlament rəhbərliyinə təqdim edildiyini açıqlayıb.

Gülər mətbuat konfransında bildirib ki, 12 maddədən ibarət olan layihə 360 deputat tərəfindən imzalanıb və “Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində həyata keçirilən prosesin hüquqi əsaslarını müəyyənləşdirməyi hədəfləyir.

O, layihəyə dəstək verən Prezident Rəcəb Tayyib Ərdoğan, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı, Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) həmsədrləri Tunçer Bakırxan və Tülay Hatimoğulları, eləcə də digər siyasi partiyaların nümayəndələrinə təşəkkür edib.

PKK-nın tərksilah prosesi hüquqi çərçivəyə salınacaq

Qanun layihəsinə əsasən, təhlükəsizlik qurumları PKK və onunla əlaqəli silahlı strukturların fəaliyyətini tam dayandırdığını və bütün silah-sursatın təhvil verildiyini təsdiqlədikdən sonra istintaqların, cinayət təqiblərinin və məhkəmə qərarlarının icrası ilə bağlı hüquqi mexanizmlər tətbiq olunacaq.

Bu barədə yekun qərarı Türkiyənin Milli Təhlükəsizlik Şurası verəcək.

DEM Partiyasından dəstək

DEM Partiyasının həmsədrləri Tunçer Bakırxan və Tülay Hatimoğulları parlamentdə təmsil olunan siyasi qüvvələri qanun layihəsinə dəstək verməyə çağırıblar.

Onlar sənədi “sülhə, demokratiyaya və ortaq gələcəyə imza” kimi qiymətləndiriblər.

Müxalifətdən sərt etiraz

“Yaxşı Partiya”nın (İYİ Parti) sədri Müsavat Dərvişoğlu isə layihəni kəskin tənqid edib.

O bildirib ki, partiyası bu sənədi heç bir halda qəbul etməyəcək və layihənin Türkiyənin dövlət quruluşu baxımından ciddi risklər yaratdığını iddia edib.

Dərvişoğlu, həmçinin layihənin parlamentə təqdim olunma vaxtını da tənqid edərək, bunun şəhid ailələri və müharibə veteranlarının etiraz aksiyası ilə eyni vaxta təsadüf etməsini düzgün hesab etmədiyini bildirib.

Məqsəd onilliklərdir davam edən münaqişəni başa çatdırmaqdır

Hakim koalisiyanın təqdim etdiyi qanun layihəsi PKK-nın ləğvi, silahlı üzvlərinin tərksilahı, cinayət törətməyən şəxslərin cəmiyyətə reinteqrasiyası və uzun illərdir davam edən silahlı qarşıdurmanın hüquqi çərçivədə başa çatdırılmasını nəzərdə tutur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş