Türkiyədə 2026-cı il Üzrə Minimum Əməkhaqqı 28 min 75 lirə (1.114,35 Manat) Oldu

2 Dəq Oxuma Müddəti

2026-cı il minimum əməkhaqqı açıqlandı

Türkiyədə 2026-cı ildə qüvvədə olacaq minimum əməkhaqqının müəyyənləşdirilməsi ilə bağlı Minimum Əməkhaqqının Müəyyənləşdirilməsi Komissiyasının iclas prosesi başa çatıb. İşçi tərəfinin qatılmadığı son iclas Əmək və Sosial Müdafiə Nazirliyində saat 18:00-da keçirilib. Uzun müddətdir ictimaiyyətin diqqət mərkəzində olan prosesin sonunda yeni məbləğ rəsmi şəkildə elan olunub.

Qəbul edilən qərara əsasən, 2026-cı il üçün xalis minimum əməkhaqqı 27 faiz artırılaraq 28 min 75 lirə müəyyən edilib. Ümumi minimum əməkhaqqı isə 33 min 30 lirə olub. Bununla yanaşı, əvvəlki il 1000 lirə olaraq tətbiq edilən minimum əməkhaqqı dəstəyi də artırılaraq 1.270 lirəyə çatdırılıb.

Nazir Işıkhandan alıcılıq qabiliyyəti mesajı

İclasdan sonra açıqlama verən Əmək və Sosial Müdafiə naziri Vedat Işıkhan bildirib ki, əsas məqsəd edilən artımların qiymət etiketləri qarşısında əriyib getməməsidir. Nazir vurğulayıb ki, maaş artımlarında işçilərin alıcılıq qabiliyyətinin qorunması xüsusi əhəmiyyət daşıyır və bu məsələyə həssas yanaşılmalıdır.

Proses 12 dekabrda başlamışdı

Minimum əməkhaqqının müəyyənləşdirilməsi prosesi 12 dekabr tarixində keçirilən ilk iclasla start götürmüşdü. Əmək Baş Direktoru Oğuz Tuncayın sədrliyi ilə baş tutan bu iclas təxminən 1,5 saat davam edib. Həmin toplantıda hökumət nümayəndələri və işəgötürən tərəfi iştirak etsə də, işçi kəsimini təmsil edən Türk-İş nümayəndələri iclasa qatılmamışdı.

İkinci toplantı isə 18 dekabr cümə axşamı günü keçirilib. Bu iclasda da Türk-İş təmsilçiləri yer almayıb. Təxminən 1,5 saat davam edən görüşdə Xəzinə və Maliyyə Nazirliyi, Ticarət Nazirliyi və Statistika qurumunun nümayəndələri iqtisadi göstəricilər və hesabatları komissiya üzvlərinə təqdim ediblər.

Türk-İşin mövqeyi dəyişməz qaldı

Türk-İş minimum əməkhaqqı prosesi ilə bağlı toplantılardan əvvəl yazılı açıqlama yayaraq, komissiyanın strukturunda və iş mexanizmində heç bir yaxşılaşdırma aparılmadığını bildirib. Qurum 24 dekabr 2024-cü il tarixində qəbul etdiyi qərara sadiq qaldığını və komissiya real mənada ədalətli və demokratik quruluşa malik olmayana qədər iclaslarda iştirak etməyəcəyini açıqlayıb.

Bununla yanaşı, nazir Vedat Işıkhan toplantılardan əvvəl Türk-İş və Hak-İş nümayəndələri ilə görüşərək onların təqdim etdiyi məlumat və tələbləri də komissiyanın müzakirəsinə çıxarıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş