Türkiyə Dünya Kuboku yolunda vacib qələbə qazandı
2026 FIFA Dünya Kuboku Avropa seçmə mərhələsinin E qrupunda beşinci oyununu keçirən Türkiyə milli komandası Bursa Atatürk İdman Kompleksi Matlı Stadionunda Bolqarıstanı 2:0 hesabı ilə məğlub edib. Bu nəticə ilə Türkiyə qrupda ilk iki sıranı təmin edərək ən azı pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Qollar və oyunun əsas anları
Günün ilk qolu kapitan Hakan Çalhanoğludan gəlib. O, penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. Qarşılaşmanın ikinci qolunu isə rəqib futbolçu Çernev öz qapısına vurub və Türkiyənin üstünlüyü 2:0-a yüksəlib.
Türkiyə bu qələbə ilə xalını 12-yə çatdıraraq qrupda ikinci sırada qərarlaşıb. Bolqarıstan isə xal hesabını açmadan qrupun son pilləsində qalıb. Qrupun digər matçında Gürcüstan üzərində 4:0 hesablı qələbə qazanan İspaniya (15 xal) liderliyini davam etdirib.
Qrupun son turu: liderlik mübarizəsi
Türkiyə qrupdakı son matçını 18 noyabrda Sevilyada İspaniyaya qarşı keçirəcək. Qələbə halında xal bərabərliyi yaranacaq və liderlik taleyi ümumi qol fərqi ilə müəyyənləşəcək. Hazırda İspaniyanın ümumi qol fərqi +19, Türkiyənin isə +5-dir. Bu səbəbdən Türkiyənin birbaşa vəsiqə üçün çox böyükhesablı qələbəyə ehtiyacı var.
Turnirin qaydaları
Avropa seçmələrində qrup lideri olan 12 komanda birbaşa Dünya Kubokuna vəsiqə qazanacaq. Əlavə 4 vəsiqə isə 12 qrup ikincisi və UEFA Millətlər Liqasından gələn 4 komanda arasında mart 2026-da keçiriləcək pley-off mərhələsində sahibini tapacaq.
Pley-off mərhələsinin püşkü 20 noyabrda İsveçrənin Sürix şəhərində UEFA-nın mənzil-qərargahında keçiriləcək.
