Beynəlxalq mətbuatda günlərdir müzakirə olunan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında yaradılması planlaşdırılan müdafiə ittifaqı ilə bağlı ilk rəsmi açıqlama Pakistandan gəlib.
Pakistan Müdafiə Sənayesi naziri Raza Həyat Hirac, üç ölkənin təxminən bir ildir apardığı danışıqların nəticəsi olaraq bir müdafiə sazişi layihəsinin hazırlandığını və prosesin artıq konkret mərhələyə çatdığını açıqlayıb.
Hirac bildirib ki, sözügedən razılaşma regionda artan zorakılıq və təhlükəsizlik təhdidlərinə qarşı ortaq tədbir axtarışının nəticəsidir. Onun sözlərinə görə, layihə hazırda Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyədə müzakirə olunur, tərəflər yekun razılaşma üçün danışıqları davam etdirirlər. O, həmçinin bu üçtərəfli prosesin əvvəllər Səudiyyə Ərəbistanı ilə Pakistan arasında imzalanmış ikitərəfli müdafiə sazişindən ayrı bir struktur daşıdığını vurğulayıb.
Türkiyə tərəfindən də məsələ ilə bağlı açıqlama verilib. Xarici İşlər naziri Hakan Fidan, Türkiyənin Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə sahəsində danışıqlar apardığını, lakin hələlik hər hansı rəsmi sazişin imzalanmadığını bildirib. Fidan regional təhlükəsizlik əməkdaşlığının sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək, regionda xarici müdaxilələr, terror təhdidləri və siyasi etimadsızlıqların yalnız daha geniş regional əməkdaşlıq yolu ilə aradan qaldırıla biləcəyini deyib.
Xarici mətbuatda yer alan şərhlərdə mümkün ittifaqda Türkiyənin hərbi potensialı, Pakistanın inkişaf etmiş müdafiə texnologiyaları və nüvə çəkindirmə gücü, Səudiyyə Ərəbistanının isə iqtisadi imkanları ilə önə çıxacağı qeyd olunur. Bu üç amilin birləşməsinin Yaxın Şərq və Cənubi Asiyadakı güc balanslarına ciddi təsir göstərə biləcəyi bildirilir.
Sözügedən inkişaf xüsusilə Yunanıstan, İsrail və Hindistan mediasında geniş rezonans doğurub. İsrail mərkəzli i24NEWS kanalına danışan Tel-Əviv Universitetinin tədqiqatçısı Hay Eytan Koen Yanarocak, Ankaranın İsrailin əleyhinə regional balansları dəyişdirə biləcək yeni bir təhlükəsizlik memarlığı formalaşdırmaq niyyətində olduğunu iddia edib və bu prosesin İbrahim (Abraham) Sazişlərindən sonra yaranmış regional struktur baxımından strateji bir dönüş nöqtəsi ola biləcəyini söyləyib.
Yunan mətbuatında isə Türkiyənin bu addımına cavab olaraq Afinanın Şərqi Aralıq dənizində İsrail və Cənubi Kipr ilə hərbi əməkdaşlığını genişləndirməsi, Hindistanın da bu bloka daxil edilməsi və Krit mərkəzli daimi birgə hava qüvvəsi strukturunun yaradılması çağırışları yer alıb. Üç ölkə arasındakı müdafiə ittifaqı üzrə danışıqların yaxın dövrdə necə nəticələnəcəyi və rəsmi sazişə çevrilib-çevrilməyəcəyi region paytaxtlarında diqqətlə izlənilir.
