Türkiyə Məhkəməsi İmamoğlu Barəsində “Siyasi Casusluq” İttihamı İlə Yeni Həbs Qərarı Çıxardı

1 Dəq Oxuma Müddəti

Yeni ittiham: “siyasi casusluq” və qanunsuz maliyyə toplama

Türkiyənin rəsmi “Anadolu” agentliyinin məlumatına görə, İstanbul Məhkəməsi həbsdə olan İstanbul meri Əkrəm İmamoğlu barəsində “siyasi casusluq” ittihamı ilə yeni həbs qərarı çıxarıb.

Məhkəmə qərarına əsasən, İmamoğlu və daha iki nəfər – onlardan biri hökuməti tənqid edən “Tele 1” kanalının baş redaktoru Mərdan Yanardağ – “xarici dəstək üçün əlaqələr qurmaq” və “qanunsuz şəkildə seçki kampaniyası üçün vəsait toplamaq”da ittiham olunur.

İmamoğlu ittihamları rədd edir

İmamoğlu məhkəmədə və həbsxanadan yaydığı bəyanatda bütün iddiaları “uydurma və siyasi qisas” adlandırıb. “Belə bir böhtan və saxtakarlıq şeytanın ağlına da gəlməz. Bu, rüsvayçı və utandırıcı bir addımdır,” – deyə o, “X” platformasında yazıb.

Hökumət tənqidçilərinə təzyiq

Qərardan üç gün əvvəl dövlət “Tele 1” telekanalına da nəzarəti ələ almışdı. Kanal hökuməti tənqid etdiyi üçün “casusluq” ittihamı ilə araşdırmaya cəlb olunmuşdu.

Əvvəlki həbslər və davam edən proses

Xatırladaq ki, İmamoğlu mart ayında korrupsiya iddiaları ilə bağlı aparılan başqa bir iş çərçivəsində həbs edilmişdi. O, iyul ayında isə İstanbul Baş Prokurorunu təhqir və hədələmə ittihamı ilə məhkum olunmuşdu.

Müxalifətin əsas fiqurlarından sayılan İmamoğlu, prezident Rəcəb Tayyib Ərdoğanın ən ciddi siyasi rəqibi kimi tanınır. O, bütün ittihamları siyasi motivli təzyiq kimi dəyərləndirir və özünü müdafiə etməyə davam edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş