Türkiyə Məhkəməsi CHP Qurultayının Ləğvi İşini Təxirə Saldı

1 Dəq Oxuma Müddəti

Məhkəmə qərarı yenidən təxirə saldı

Türkiyədə məhkəmə 2023-cü ildə keçirilmiş Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayının etibarsız elan edilməsi və partiya lideri Özgür Özəlin vəzifədən uzaqlaşdırılması ilə bağlı iddianın baxışını oktyabr ayına təxirə salıb. Bu, ölkədə uzun müddətdir davam edən siyasi gərginliyi daha da artırıb.

Ankarada kütləvi etiraz

Məhkəmə qərarından öncə, bazar günü paytaxt Ankara küçələrinə on minlərlə insan çıxaraq müxalifət liderinin mövqeyini müdafiə edib. Etirazçılar hökumətin məhkəmə vasitəsilə CHP-yə təzyiq göstərdiyini bildiriblər.

Özgür Özəldən sərt açıqlamalar

Mitinqdə çıxış edən CHP sədri Özgür Özel hökuməti demokratik prinsipləri sarsıtmaqda və müxalifəti susdurmaqda ittiham edib. O, erkən parlament seçkiləri keçirilməsinə çağırış edib:

“Bu iş siyasi xarakter daşıyır. İttihamlar əsassızdır. Həqiqətdə baş verən – gələcək prezidentə, gələcək hökumətə qarşı çevrilişdir. Biz müqavimət göstərəcəyik, sonadək mübarizə aparacağıq”.

Genişmiqyaslı həbslər

“Reuters” agentliyinin məlumatına görə, son bir il ərzində Türkiyədə korrupsiya istintaqları çərçivəsində 500-dən çox nəfər, o cümlədən 17 bələdiyyə sədri saxlanılıb. Onların əksəriyyəti CHP üzvləridir.

Həbs edilənlər arasında İstanbul Böyükşəhər Bələdiyyə başçısı və prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi sayılan Əkrəm İmamoğlu da var.

Siyasi böhran dərinləşir

Mütəxəssislər bildirirlər ki, məhkəmənin təxirəsalma qərarı Türkiyədə siyasi qeyri-müəyyənliyi daha da artırır. Prosesin oktyabrda necə nəticələnəcəyi ölkənin daxili siyasətində həlledici rol oynaya bilər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş