Türkiyə Gürcistanı darmadağın etdi
2026 FIFA Dünya Kuboku Avropa Seçmə mərhələsinin E qrupunun dördüncü oyununda Türkiyə millisi Kocaelidə Gürcistanı 4:1 hesabı ilə məğlub edib. Bu nəticə ilə “ay-ulduzlular” qrupda ilk iki pilləni təmin etməyə bir addım da yaxınlaşıb.
Kocaeli Stadionunda keçirilən qarşılaşmada Türkiyə millisinin qollarını Merih Demiral (2), Kenan Yıldız və Yunus Akgün vurublar. Gürcistan isə yalnız bir dəfə fərqlənə bilib.
Qrupdakı vəziyyət
Bu qələbə ilə Türkiyə 4 oyundan sonra 9 xal toplayaraq ikinci pillədə qərarlaşıb. Gürcistan isə 3 xalla dördüncü yerdə qalıb. Qrupun digər oyununda İspaniya səfərdə Bolqarıstanı 4:0 hesabı ilə məğlub edərək 12 xalla liderliyini qoruyub. Bolqarıstan isə xal toplaya bilməyib.
Milli komanda seçmə mərhələdə qalan iki oyununu noyabrda keçirəcək. Türkiyə 15 noyabrda Bursada Bolqarıstanı, 18 noyabrda isə Sevilyada İspaniyanı sınağa çəkəcək.
Dünya Kubokuna gedən yol
Avropa seçmə mərhələsində qrup liderləri birbaşa Dünya Kubokuna vəsiqə qazanacaqlar. Qrup ikinciləri isə UEFA Millətlər Liqasından gələcək 4 komanda ilə birlikdə pley-off mərhələsində 4 qalan vəsiqə üçün mübarizə aparacaqlar. Bu oyunlar 2026-cı ilin martında keçiriləcək.
Merih Demiral doğma şəhərində parladı
Türkiyə millisinin müdafiəçisi Merih Demiral doğma şəhəri Kocaelidə iki dəfə fərqlənərək matçın ən yaxşı oyunçularından biri olub. O, 22 və 52-ci dəqiqələrdə kornerdən sonra baş zərbəsi ilə qapını dəqiq nişan alıb.
Bu qollarla Merih milli komandadakı hesabını 6-ya çatdırıb. Oyun, Türkiyə millisinin Kocaelidə keçirdiyi ilk rəsmi qarşılaşma kimi tarixə düşüb.
Komandanın digər qol müəlliflərindən Kenan Yıldız milli forma ilə 25-ci oyununda 5-ci, Yunus Akgün isə 17-ci oyununda 3-cü qolunu vurub.
Gürcistana qarşı tarixi üstünlük
Türkiyə millisi Gürcistanla indiyədək 8 dəfə qarşılaşıb və bu oyunların 6-da qalib gəlib. Gürcistan yalnız bir dəfə qələbə qazanıb, bir görüş isə heç-heçə nəticələnib. Ümumi hesabda Türkiyə 22, Gürcistan isə 9 qol vurub.
Azarkeşlərdən böyük dəstək
Kocaelidə keçirilən oyunu 27 min 974 azarkeş stadiondan izləyib. Tribunalarda yaradılan coşqu və dəstək, milliyə 90 dəqiqə boyunca motivasiya verib.