“Turan Tovuz”dan erkən qollar
Turan Tovuz doğma meydanda Zirə FKnı 2:0 hesabı ilə məğlub edib. Qarşılaşmada hesab 11-ci dəqiqədə Filip Ozobiçin qolu ilə açılıb. Cəmi səkkiz dəqiqə sonra Jorje Silva fərqi artıraraq yekun nəticəni müəyyənləşdirib.
Bu qələbə ilə Kurban Berdıyevin komandası xallarını 37-yə çatdıraraq turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Zirə” isə 35 xalla 4-cü sıraya geriləyib.
Komandaların ilk dövrədəki görüşü 0:0 hesablı heç-heçə ilə yekunlaşmışdı. Bu dəfə isə Tovuz təmsilçisi rəqibinə şans tanımadı.
Sumqayıtda qol olmadı
Günün digər qarşılaşmasında Sumqayıt FK öz meydanında Qəbələ FK ilə üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyun 0:0 hesabı ilə başa çatıb.
Matç ərzində hər iki komanda qol imkanları yaratsa da, hesab dəyişməyib. Xatırladaq ki, ilk dövrədə “Sumqayıt” rəqibini 2:0 hesabı ilə məğlub etmişdi.
Tur davam edir
21-ci turun digər oyunları 21 və 22 fevral tarixlərində keçiriləcək. “Karvan-Yevlax” – “Araz-Naxçıvan”, “İmişli” – “Şamaxı” və “Sabah” – “Kəpəz” görüşləri azarkeşlərin diqqət mərkəzində olacaq.
Hazırkı nəticələr çempionluq və avrokuboklar uğrunda mübarizəni daha da gərginləşdirib.
