Tunisdə Bank İşçiləri Maaş Artımı Tələbi ilə İki Günlük Tətilə Çıxıblar

2 Dəq Oxuma Müddəti

Bank sektorunda fəaliyyət dayanıb

Tunisdə bank işçiləri maaş artımı tələbi ilə iki günlük tətilə başlayıblar. Tətil çərçivəsində bütün maliyyə əməliyyatları dayandırılıb. Ölkə iqtisadi böhranla mübarizə apardığı bir vaxtda bu addım bank xidmətlərində ciddi dayanmalara səbəb olub.

Tətilin ilk günündə paytaxt Tunisdə və digər şəhərlərdə bankomatların qarşısında uzun növbələr yaranıb. Lakin müştərilərin sözlərinə görə, bir çox bankomatlar fəaliyyət göstərməyib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Həmkarlar ittifaqı maaş artımı tələb edir

Tunis Ümumi Əmək Konfederasiyası (UGTT) danışıqların nəticəsiz başa çatmasından sonra tətil qərarı qəbul edib. Qurum bildirir ki, banklar birliyinin maaş artımı və iş şəraiti ilə bağlı təklifləri rədd etməsi işçiləri tətilə məcbur edib.

İttifaqın açıqlamasında qeyd olunur ki, son illərdə artan həyat xərcləri işçilərin alıcılıq qabiliyyətini kəskin şəkildə azaldıb. Buna görə də həmkarlar ittifaqı “əməkhaqqına təcili düzəlişlər” tələb edir.

İttifaq liderindən sərt açıqlama

UGTT sədri Nurəddin Tabbubi bu gün paytaxtda həmkarlar qarşısında çıxış edərək, “həmkarlar hərəkatının yalnız maddi hüquqlar üçün deyil, həm də insan ləyaqətinin qorunması üçün mübarizə apardığını” vurğulayıb.

Onun sözlərinə görə, “əmək hüquqları, həmkarlar və fərdi azadlıqlar təzyiq altındadır”, buna görə də işçilər həm sosial, həm də siyasi ədalət uğrunda birləşməlidirlər.

Dərinləşən iqtisadi böhran fonunda tətil

Tunis son illərdə ağır iqtisadi böhranla üzləşib. Xarici investisiyaların azalması, dövlət borcunun ÜDM-in 80 faizini keçməsi, inflyasiya və ərzaq qıtlığı ölkədə sosial gərginliyi artırıb.

Hökumət maliyyə sistemində sabitliyi bərpa etməyə çalışsa da, əməkhaqqı tələblərinə cavab verməməsi bank sektorunda etimad böhranı yaradıb. Analitiklərin fikrincə, bu tətil ölkə iqtisadiyyatına əlavə təzyiq göstərə bilər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş