Trump Fed rəhbərliyində dəyişiklik üçün qərarını verib
ABŞ Prezidenti Donald Trump, Federal Ehtiyat Sisteminin (Fed) hazırkı sədri Cerom Pauellı vəzifədən kənarlaşdırmaq istədiyini bir daha açıq şəkildə ifadə edərək, növbəti Fed sədrinə dair seçim prosesində artıq qərara gəldiyini bildirib. O, seçdiyi şəxsin adını açıqlamasa da, qərarın formalaşdığını və yaxın müddətdə rəsmi təqdimatın olacağını vurğulayıb.
Oval kabinetdə jurnalistlərin suallarını cavablandıran Trump, ətrafındakı şəxslərin Pauellı dərhal vəzifədən azad etməsinə mane olduğunu deyib: “Düşünürəm ki, artıq seçimimi etmişəm. Mövcud sədri dərhal vəzifədən uzaqlaşdırmaq istərdim, amma məni saxlayan insanlar var,” – deyə Trump bildirib.
Namizədlər siyahısı daralır
Seçim prosesinə nəzarət edən ABŞ-ın Xəzinə katibi Skott Bessent, potensial namizədlər siyahısının artıq məhdudlaşdırıldığını açıqlayıb. Onun sözlərinə görə, siyahı hazırda aşağıdakı şəxslərlə məhdudlaşır:
-
Fed İdarə Heyətinin üzvü Kristofer Waller
-
Fed İdarə Heyətinin üzvü Mişel Bouman
-
Fed-in keçmiş idarəçisi Kevin Warsh
-
Ağ Evin Milli İqtisadiyyat Şurasının direktoru Kevin Hassett
-
BlackRock şirkətinin yüksək vəzifəli rəhbərlərindən Rik Rieder
Bessentin sözlərinə görə, Şükran Günü tətillərindən sonra Trump-a yekun tövsiyələr təqdim olunacaq. ABŞ Prezidenti isə namizədlərlə bağlı ümumi müsbət fikir bildirsə də, konkret olaraq hansı şəxsə üstünlük verdiyinə dair açıq mesaj verməkdən çəkinib.
“Sürpriz” namizədlər də var
Trump açıqlamasında siyahıda bəzi “sürpriz” adların da olduğunu qeyd edib. Onun sözlərinə görə, həm geniş ictimaiyyətin yaxşı tanıdığı “standart” namizədlər, həm də gözlənilməz seçimlər mövcuddur: “Bəzən standart olanı seçmək siyasi baxımdan doğru addım ola bilər,” – deyə o bildirib.
Pauell dönəmi sona yaxınlaşır
Fed sədri Cerom Pauell tez-tez Tramp tərəfindən faizlərin endirilməsi sahəsində ləng addımlar atmaqda tənqid olunurdu. Pauellın Fed sədrliyi may ayında başa çatacaq, lakin Fed sədrinin müavini kimi fəaliyyəti 2028-ci ilə qədər davam edəcək.
Yeni təyinatın ABŞ-in maliyyə siyasətinə, faiz strategiyasına və iqtisadi kursuna təsir edəcəyi gözlənilir. Bu səbəbdən Trump-ın seçiminin həm daxili iqtisadiyyat, həm də beynəlxalq maliyyə bazarları tərəfindən diqqətlə izlənildiyi bildirilir.
