Trampın Sabiq Müşaviri: “Əsəd Rejimini Devirən İsraildir”

3 Dəq Oxuma Müddəti

Faresdən səs-küylü açıqlamalar

ABŞ prezidenti Donald Trampın keçmiş Orta Şərq üzrə sabiq müşaviri doktor Vəlid Fares İsrailin “Maariv Podcast”inə verdiyi müsahibədə Suriyadakı Əsəd rejiminin süqutu, Hizbullahın hazırkı mövqeyi və Qəzzaya dair planlarla bağlı diqqətçəkən fikirlər səsləndirib.

Faresin sözlərinə görə, “Orta Şərqdə dərin dəyişikliklər davam edir. Ən mühüm dönüş nöqtəsi İsrailin 7 oktyabr hadisələrindən sonra Hizbullah və İranla 12 gün davam edən müharibəsi oldu. Bu proses regiondakı siyasi nizamı dəyişdirir”.

“Əsədi devirən İsraildir”

Əsəd rejiminin hansı qüvvə tərəfindən devrildiyi barədə suala cavab verən Fares iddia edib ki, rejimi yıxan radikal qruplar yox, məhz İsrail olub:
“İsrailin Hizbullahı hədəf alan hücumları nəticəsində Suriya ilə İran və Livan arasındakı strateji xətt kəsildi. Bu, Əsəd rejimini zəiflətdi və onun süqutuna gətirdi. İsrailin məqsədi həm Hizbullaha zərbə vurmaq, həm də Suriya üzərindən keçən təsir dairəsini dağıtmaq idi”.

Türkiyə və Körfəz ölkələrinin təsiri

Fares Tramp administrasiyasının Suriyadakı silahlı qruplara dəstəyini izah edərkən qeyd edib ki, bu siyasət müəyyən dairələrin, o cümlədən bəzi Amerika, Qətər və Türkiyə biznes maraqlarının təzyiqi ilə formalaşmışdı. Onun sözlərinə görə, Tramp tez-tez böyük iqtisadi layihələr və lobbiçilik təsirləri arasında qərar vermək məcburiyyətində qalırdı.

Qəzzaya dair “mülk alverçisi yanaşması”

Fares Qəzzadakı əhalinin gələcəyi ilə bağlı da mübahisəli fikirlər səsləndirib:
“Trampın əslində mülk alverçisi olduğunu unutmaq olmaz. Onun baxışına görə, Qəzza artıq bərpa edilə bilməyəcək bir bölgədir. Əhali başqa yerlərə köçürülməli, dəstək və yardım almalıdır. Bu, İsrail və bəzi ərəb ölkələri ilə koordinasiya şəraitində həyata keçirilə bilər”.

Kürd dövlətinin gələcəyi

Kürdlərin müstəqilliyi məsələsinə də toxunan Fares bildirib ki, “xalqın öz müqəddəratını təyinetmə hüququ” artıq regionda yeni mərhələyə qədəm qoyub:
“Kürd icmaları həm İraqın şimalında, həm də Suriyanın şimal-şərqində mövcuddur. Yaxın gələcəkdə onların siyasi statusu ilə bağlı mühüm dəyişikliklər baş verə bilər”.

İsraildə rezonans doğuran müsahibə

İsrailin Maariv qəzeti bu açıqlamaları “Ərəb dünyasını hiddətləndirən oryentalist” başlığı ilə yayıb. Qəzet Faresin fikirlərinin regiondakı balansları silkələməyə davam etdiyini vurğulayıb.

Fares kimdir?

Livan əsilli maruni xristian olan Vəlid Fares uzun illərdir ABŞ siyasətində Orta Şərq üzrə ekspert kimi tanınır. O, 2011–2012-ci illərdə Mitt Romninin, 2016-cı ildə isə Donald Trampın prezidentlik kampaniyasında müşavir olub. 2007-ci ildən etibarən Fox News kanalında, daha əvvəl isə NBC-də siyasi şərhçi kimi çıxış edib. Hazırda Newsmax telekanalında beynəlxalq siyasət üzrə analitik kimi fəaliyyət göstərir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş