Trampdan Qrenlandiya ilə bağlı yeni iddia
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Danimarkanın suverenliyində olan Qrenlandiya adası ilə bağlı əvvəlki mövqeyini yenidən açıqlayıb. O, Qrenlandiyanın ABŞ üçün “milli təhlükəsizlik baxımından vacib” olduğunu bildirərək, adanın Vaşinqtonun nəzarətinə keçməli olduğunu iddia edib. Tramp qeyd edib ki, Qrenlandiya üzrə təyin edilən xüsusi nümayəndə bu prosesdə əsas rol oynayacaq və “mübarizəyə rəhbərlik edəcək”.
Trampın sözlərinə görə, Qrenlandiyanın ətraf sularında Rusiya və Çin gəmilərinin artan fəaliyyəti ABŞ üçün ciddi təhlükəsizlik riski yaradır. “Biz Qrenlandiyaya ehtiyac duyuruq. Sahilə baxanda hər yerdə Rusiya və Çin gəmilərini görürük. Təhlükəsizliyimizi təmin etmək üçün bu ada zəruridir və biz onu əldə etməliyik”, – deyə Tramp bildirib.
Danimarkadan sərt etiraz
Trampın bu açıqlamaları Danimarkada ciddi narazılıqla qarşılanıb. Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen ABŞ-ın Qrenlandiya üzrə yeni xüsusi nümayəndəsi Ceff Landrinin adanın ABŞ-a birləşdirilməsi ilə bağlı bəyanatlarını kəskin tənqid edib.
Rasmussen Danimarkanın dövlət yayımçısı “DR”ə açıqlamasında bildirib ki, Landrinin sözləri qəbuledilməzdir və ölkənin suverenliyinə açıq təhdid kimi qiymətləndirilməlidir. O əlavə edib ki, Qrenlandiya rəsmiləri ilə aparılan müzakirələrdən sonra ABŞ səfirinin Xarici İşlər Nazirliyinə çağırılması barədə qərar verilib.
Nazir vurğulayıb ki, ABŞ daxil olmaqla bütün dövlətlər Danimarkanın ərazi bütövlüyünə və Qrenlandiya üzərində suverenliyinə hörmət etməlidir. Onun sözlərinə görə, bu təyinat Vaşinqtonun Qrenlandiyaya olan marağının hələ də davam etdiyini göstərir.
ABŞ nümayəndəsinin açıqlaması narazılığı artırdı
Ceff Landri daha əvvəl Donald Trampa təşəkkür edərək, Qrenlandiya üzrə xüsusi nümayəndə təyin olunmasını “şərəf” adlandırıb. O, “X” platformasında paylaşdığı açıqlamada bu könüllü vəzifədə ABŞ-ın maraqlarına xidmət edəcəyini və Qrenlandiyanın ABŞ-ın bir hissəsinə çevrilməsi istiqamətində çalışacağını yazıb. Bu bəyanat Danimarkada və Qrenlandiyada tənqid dalğasını daha da gücləndirib.
Qrenlandiyanın strateji əhəmiyyəti
Qrenlandiya ABŞ üçün əsasən Arktika bölgəsindəki strateji mövqeyinə görə önəm daşıyır. Ada ABŞ-a Rusiya və Çinin Arktikadakı hərbi və iqtisadi fəaliyyətlərini izləmək imkanı verir. Bundan əlavə, Qrenlandiya zəngin təbii ehtiyatlara malikdir.
ABŞ Geoloji Xidmətinin qiymətləndirmələrinə əsasən, adada on milyardlarla barel neft ekvivalenti, eləcə də böyük həcmdə təbii qaz ehtiyatları mövcuddur. Bu amillər Qrenlandiyanı qlobal güclər arasında geosiyasi rəqabətin mərkəzinə çevirir.
Danimarka isə Qrenlandiyanın öz müqəddəratını təyin etmə hüququna malik olduğunu və istənilən formada xarici təzyiqin qəbuledilməz sayıldığını bir daha bəyan edib.
