MAGA düşərgəsində narazılıq
ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyat qərarı Respublikaçılar Partiyasının daxilində və xüsusilə MAGA (“Make America Great Again”) hərəkatı çevrələrində etirazla qarşılanıb.
Trampın uzunmüddətli tərəfdarları hesab edirlər ki, bu addım “Öncə Amerika” prinsipinə uyğun deyil və ölkənin xarici münaqişələrə cəlb olunması seçki kampaniyasında səsləndirilən vədlərlə ziddiyyət təşkil edir.
Taker Karlsondan sərt tənqid
MAGA hərəkatının tanınmış simalarından olan media şərhçisi Tucker Carlson ABC News-a verdiyi müsahibədə ABŞ və İsrailin İrana qarşı birgə hücumunu pisləyib.
Karlson bildirib ki, bu qərar “qəbuledilməz və yanlış”dır və Trampın siyasi hərəkatına ciddi təsir göstərə bilər. O, ABŞ-ın yeni müharibəyə cəlb olunmasının ölkə üçün riskli olduğunu vurğulayıb.
Marjori Teylor Qrindən sərt mesaj
Keçmiş konqres üzvü Marjorie Taylor Greene sosial şəbəkə hesabında administrasiyanı kəskin tənqid edib. O bildirib ki, seçicilər Trampa “sıfır müharibə” və “Öncə Amerika” şüarı ilə səs veriblər.
Qrinin sözlərinə görə, başqa ölkədə rejim dəyişikliyi siyasəti ABŞ-ın maraqlarına uyğun deyil. O qeyd edib ki, Tramp ABŞ-ı birinci yerə qoyacağını vəd etsə də, hazırkı addımlar bu yanaşma ilə üst-üstə düşmür.
Konqresdə müzakirə təşəbbüsü
Respublikaçı konqresmenlər Thomas Massie və Warren Davidson, eləcə də senator Rand Paul İrana qarşı hücumlara etiraz etdiklərini açıqlayıblar.
Massie sosial şəbəkə paylaşımında “Bu, ‘Öncə Amerika’ deyil” ifadəsini işlədərək, Konqres yenidən toplandıqdan sonra İranla müharibə məsələsinin səsverməyə çıxarılması üçün demokrat konqresmen Ro Khanna ilə birlikdə qanun layihəsi təqdim edəcəyini bildirib.
O vurğulayıb ki, ABŞ Konstitusiyasına əsasən müharibə qərarı Konqres tərəfindən təsdiqlənməlidir və hər bir seçilmiş nümayəndə mövqeyini açıq şəkildə bildirməlidir.
Mühafizəkar mediada reaksiyalar
MAGA çevrələrində populyar podkast aparıcısı Tim Pool administrasiyanın addımını “Trampın seçki kampaniyasına xəyanət” kimi qiymətləndirib.
Sosial mediada tanınmış Respublikaçı fenomenlər Keith Hodge və Kevin Hodge isə “İran xalqını azad etmək üçün Trampa səs verməmişəm” açıqlaması ilə çıxış ediblər.
Respublikaçılar arasında fikir ayrılığı
Baş verənlər Respublikaçılar Partiyası daxilində xarici siyasət məsələsində fikir ayrılıqlarını üzə çıxarıb. Bir qrup siyasətçi ABŞ-ın beynəlxalq müdaxilələrini dəstəklədiyi halda, MAGA qanadı daha çox daxili prioritetlərə və hərbi münaqişələrdən uzaq durmağa üstünlük verir.
Analitiklər hesab edirlər ki, İrana qarşı əməliyyat qərarı Trampın elektoratı daxilində müzakirələri daha da dərinləşdirə və seçkiöncəsi siyasi balanslara təsir göstərə bilər.
