ICE əməliyyatları genişlənir: saxlanılanların əksəriyyəti cinayət qeydi olmayan şəxslərdir
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə (DHS) bağlı Köç və Gömrük Mühafizəsi Xidməti (ICE), Prezident Donald Trampın ikinci müddətinin ilk doqquz ayında cinayət qeydi olmayan təxminən 75 min nəfəri saxlayıb. Məlumat Kaliforniya Universitetinin Berkli kampusunda aparılan “Sərhəddənkənar Məlumatları Layihəsi” çərçivəsində əldə edilib.
Araşdırmada ICE-in daxili məlumat bazasında qeyd olunan həbslər, saxlanılmalar və deportasiya göstəriciləri təhlil olunub. Bu rəqəmlər ICE-ə qarşı açılmış məhkəmə işi vasitəsilə əldə edilən sənədlərə əsaslanır. Hesabata görə, 20 yanvar–15 oktyabr tarixləri arasında ICE tərəfindən təxminən 220 min nəfər saxlanılıb və onların 75 minə yaxınının heç bir cinayət qeydi olmayıb.
Rəqəmlər administrasiyanın bəyanatları ilə üst-üstə düşmür
Köç Siyasəti İnstitutunun baş analitiki Ariel Ruiz Soto NBC-yə açıqlamasında bu statistikanın administrasiyanın iddiaları ilə ziddiyyət təşkil etdiyini bildirib:
“Bu rəqəmlər hökumətin ‘ən təhlükəli şəxsləri hədəf aldıqları’ iddiası ilə uyğun gəlmir”.
Soto Sərhəd Mühafizəsinin həyata keçirdiyi saxlanılmaların isə “qara qutu” olaraq qaldığını vurğulayıb:
“Sərhəd Mühafizəsi neçə nəfəri saxlayır? Bunların neçəsi deportasiya olunur? Hansı şərtlərdə? Bu suallar hələ də cavabsızdır”.
Sərhəd Mühafizəsi ölkənin daxili bölgələrinə yerləşdirilib
Son aylarda həm şimal, həm də cənub sərhədlərində fəaliyyət göstərən Sərhəd Mühafizəsi bölmələri sənədsiz miqrantların qarşısının alınması məqsədilə ABŞ-ın daxili şəhərlərinə göndərilib. Çikaqo, Los Anceles və Şarlott kimi iri şəhərlərdə əməliyyatların genişləndirilməsi əlavə narahatlıq yaradıb.
ICE məlumat açıqlamasını dayandırdı
Tramp administrasiyası yanvar ayından etibarən ICE-in saxlanılmalarla bağlı təfərrüatlı statistik məlumatları müntəzəm olaraq paylaşmasını dayandırıb. Bu isə şəffaflıqla bağlı sualları daha da artırıb.
