Demokratlardan boykot qərarı
ABŞ-da bir qrup demokrat konqresmen və senator Prezident Donald Trampın bu gün edəcəyi “Birliyin Vəziyyəti” çıxışını boykot edəcəklərini elan ediblər.
Məlumata görə, onlarla demokrat Konqres binasında iştirak etməyəcək və alternativ tədbirlər təşkil edəcək. Onlardan biri Konqres binası qarşısındakı Milli meydanda keçiriləcək “Xalqın Birliyi” adlı açıq hava tədbiridir. Digər paralel tədbirin isə Milli Mətbuat Klubunda “Bataqlığın Vəziyyəti” adı altında baş tutacağı bildirilir.
Bu addım demokratların Tramp administrasiyasının siyasətinə etirazının simvolik ifadəsi kimi qiymətləndirilir.
Epşteyn qurbanı çıxışa qatılacaq
Kaliforniya ştatını təmsil edən konqresmen Robert Qarsiya isə çıxışda iştirak edəcəyini və onu Ceffri Epşteynin qurbanlarından biri – Enni Farmerin müşayiət edəcəyini açıqlayıb.
Qarsiya bu addımı Epşteyn işində zərərçəkən qadın və uşaqların narazılığına diqqət çəkmək məqsədilə atdığını bildirib. Onun sözlərinə görə, Tramp administrasiyası Epşteyn sənədlərində adı keçən bəzi şəxslərin kimliyini açıqlamayıb və siyahının bir hissəsini gizli saxlayıb.
Tramp uzun çıxış vəd edir
Prezident Donald Tramp çıxışının “çoxsaylı mövzulara görə uzun olacağını” bildirib. “New York Times”ın yazdığına görə, Tramp həftəsonunu yaxın müşavirləri ilə birlikdə çıxışa hazırlaşaraq keçirib, baxmayaraq ki, o, adətən ənənəvi hazırlıq üsullarına üstünlük vermir.
Lakin “Politico” nəşri qeyd edir ki, Tramp builki çıxışa əvvəlki dövrlərlə müqayisədə daha zəif siyasi mövqedə hazırlaşır. Bildirilir ki, 2024-cü il seçkilərindəki qələbəsindən sonra siyasi kapitalını böyük ölçüdə xərcləyən prezidentin populyarlığı azalıb və Respublikaçılar Partiyasında aralıq seçkilər öncəsi narahatlıq artıb.
Siyasi və iqtisadi çağırışlar
Nəşrin məlumatına görə, çıxış immiqrasiya böhranı və Ali Məhkəmənin tarif siyasəti ilə bağlı qərarları kimi məsələlərin fonunda baş tutur. Bu mövzular administrasiya üçün ciddi siyasi çağırışlar yaradıb.
Co Bayden dövründə Ağ Evdə çalışmış və hazırda solyönlü Amerika Tərəqqi Mərkəzinə rəhbərlik edən Nira Tanden bildirib ki, mövcud vəziyyət 20 il əvvəl ikinci müddətində ciddi tənqidlərlə üzləşən Corc Buş dövrünü xatırladır.
Onun sözlərinə görə, Trampın əsas prioritet hesab etdiyi tariflər və immiqrasiya siyasəti ictimaiyyət arasında narazılıq doğurur və bu da prezidentin siyasi mövqeyini zəiflədir.
