Trampın Bitcoin Tutduğu Heykəl Konqres Qarşısında Qoyuldu

2 Dəq Oxuma Müddəti

Trampın Bitcoin heykəli Konqres qarşısında sərgiləndi

ABŞ-ın paytaxtı Vaşinqtonda qeyri-adi bir heykəl ictimaiyyətin diqqətinə təqdim olunub. ABŞ prezidenti Donald Trampın əlində Bitcoin tutduğu təsvir olunan 3,5 metr hündürlüyündə “qızıl” rəngli heykəl Konqres binasının 3-cü prospektində yerləşdirilib.

“Yer kirayəsi qızıl dəyərində”

ABŞ mediasının məlumatına görə, bu layihə bir qrup kriptovalyuta investorunun maliyyə dəstəyi ilə reallaşdırılıb. Hərçənd heykəl həqiqi qızıldan hazırlanmayıb, lakin onun sərgiləndiyi ərazinin kirayə haqqı “qızıl qiymətinə” bərabərdir.

Layihənin təşkilatçılarından olan Hichem Zaghdoudi bildirib ki, bu təşəbbüs sadəcə incəsənət əsəri deyil, eyni zamanda maliyyə siyasəti ilə bağlı ictimai müzakirə yaratmaq məqsədi daşıyır:
“Bu heykəl hökumət tərəfindən buraxılan pulun gələcəyi ilə bağlı müzakirələri alovlandırmaq üçün hazırlanıb. Federal Ehtiyat Sisteminin (Fed) iqtisadi siyasətləri formalaşdırarkən kriptovalyutanın artan təsirinə diqqət yetirilməlidir”, – deyə Zaghdoudi vurğulayıb.

Fed-in qərarı ilə eyni gündə

Heykəlin açılışı təsadüfi seçilməyib. O, ABŞ Mərkəzi Bankı olan Federal Ehtiyat Sisteminin (Fed) faiz dərəcəsini 25 baza bəndi aşağı saldığı gün ictimaiyyətə təqdim olunub. Mütəxəssislər hesab edirlər ki, bu hadisə kriptovalyuta tərəfdarlarının ənənəvi maliyyə sisteminə alternativ mövqeyini bir daha nümayiş etdirmək məqsədi daşıyır.

Kriptovalyutaya simvolik dəstək

Trampın əlində Bitcoinlə təsvir olunması ABŞ-da kriptovalyuta ilə bağlı davam edən ictimai debatların simvolik ifadəsi hesab olunur. Qrup üzvlərinin sözlərinə görə, bu heykəl həm iqtisadi müstəqillik, həm də pul siyasətində yeni dövrə keçidin simvolu kimi nəzərdə tutulub.

Hazırda sərgilənən əsərin nə qədər müddət Konqres qarşısında qalacağı isə açıqlanmayıb. Lakin layihə təşkilatçıları onun ölkənin müxtəlif şəhərlərində də nümayiş etdirilməsini planlaşdırır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş