Trampdan Venesuela ilə bağlı sərt açıqlamalar
ABŞ Prezidenti Donald Tramp şənbə günü keçirdiyi mətbuat konfransında Venesuelada baş verənləri “dünyanın ən güclü dövlətinin güc və nüfuz nümayişi” kimi dəyərləndirib. O, Karakasa qarşı həyata keçirilən hücumun miqyasına görə İkinci Dünya müharibəsindən bəri misli görünmədiyini iddia edib.
Tramp bildirib ki, onun birbaşa göstərişi ilə ABŞ Silahlı Qüvvələri Venesuelada “istisna xarakterli hərbi əməliyyat” həyata keçirib. Prezidentin sözlərinə görə, bu əməliyyatın əsas məqsədi Venesuela Prezidenti Nikolas Maduronun və onun həyat yoldaşının ədalət mühakiməsinə cəlb edilməsi olub.
“Madura gecə vaxtı ələ keçirilib”
ABŞ Prezidenti Maduronun oğurlanmasının gecə saatlarında həyata keçirildiyini bildirib. O, əməliyyatda hava, quru və dəniz qüvvələrinin iştirak etdiyini, Venesuelanın hərbi potensialının isə tamamilə zərərsizləşdirildiyini iddia edib.
Trampın sözlərinə görə, Venesueladakı uğurlu əməliyyat ABŞ-ın suverenliyini təhdid edən hər kəs üçün açıq xəbərdarlıq xarakteri daşıyır. O vurğulayıb ki, Vaşinqton zərurət yaranarsa, daha genişmiqyaslı yeni hücum həyata keçirməyə də hazırdır.
“Venesuelanı müvəqqəti olaraq biz idarə edəcəyik”
Donald Tramp açıqlamasında bildirib ki, ABŞ Karakası idarə edəcək və Venesuelada hakimiyyət nizamlı şəkildə ötürülənədək ölkənin idarəçiliyini öz üzərinə götürəcək. Onun sözlərinə görə, ABŞ-ın müdafiə və xarici işlər nazirləri Venesuelanın idarə olunması üçün formalaşdırılan komandada yer alacaq.
Tramp eyni zamanda ABŞ-ın iri neft şirkətlərinin Venesuelaya daxil olacağını və ölkənin neft sektorunun yenidən qurulacağını açıqlayıb. O əlavə edib ki, Venesuela nefti ilə bağlı tətbiq edilən sanksiyalar hələlik qüvvədə qalır.
Vitse-prezidentlə bağlı iddia
ABŞ Prezidenti Venesuela vitse-prezidentinin özünü müvəqqəti prezident elan etdiyini iddia edib. Trampın sözlərinə görə, vitse-prezident ABŞ Dövlət katibi Marko Rubio ilə əlaqə saxlayaraq Vaşinqtonun istədiyi addımları atmağa hazır olduğunu və buna görə minnətdarlıq etdiyini bildirib.
“ABŞ əsgərlərinin Venesuelada olmasından çəkinmirik”
Tramp Venesuelada ABŞ hərbçilərinin yerləşdirilməsindən çəkinmədiklərini deyib. O, Kolumbiya Prezidentini də hədəf alaraq, təhlükəsizliklə bağlı problemlərlə məşğul olmalı olduğunu və ölkədə narkotik istehsalı müəssisələrinin mövcudluğunu iddia edib.
ABŞ Prezidenti Kubaya da toxunaraq, bu ölkədəki mövcud rejimin uğursuz olduğunu və Vaşinqtonun Kuba xalqına “yardım etmək istədiyini” bildirib.
Monro doktrinası yenidən gündəmdə
Tramp çıxışında Monro doktrinasına xüsusi diqqət çəkib. O bildirib ki, ABŞ bundan sonra bu doktrinanı unutmadan Amerika qitəsində öz hegemonluğunu açıq şəkildə qoruyacaq. Prezident qeyd edib ki, Venesuelanın neft infrastrukturu illərdir talan edilib və ABŞ buna daha göz yummayacaq.
Xatırladaq ki, Monro doktrinası 1823-cü ildə ABŞ Prezidenti Ceyms Monro tərəfindən elan edilib və Amerika qitəsinin ABŞ-ın müstəsna təsir dairəsi olduğunu bəyan edib.
ABŞ Baş Qərargah rəisi: 150 təyyarə iştirak edib
ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn isə mətbuat konfransında Venesuelaya qarşı əməliyyatda 150 hərbi təyyarənin iştirak etdiyini açıqlayıb. Onun sözlərinə görə, əməliyyat əlverişsiz hava şəraiti səbəbindən bir neçə gün təxirə salınıb.
General Keyn bildirib ki, Venesuelanın hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb və əməliyyatın planlaşdırılması aylar əvvəl başlayıb. Əməliyyatda ABŞ Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Milli Qvardiya və hüquq-mühafizə orqanları birgə iştirak edib.
