Trampdan danışıqlarla bağlı diqqətçəkən açıqlama
ABŞ Prezidenti Donald Tramp İranla davam edən danışıqlar barədə danışarkən Vaşinqtonun gözləntilərinin böyük hissəsinin qarşılandığını iddia edib.
CNBC telekanalına müsahibəsində çıxış edən Tramp bildirib ki, tərəflər arasında danışıqlar davam edir və proses müsbət istiqamətdə irəliləyir.
Onun sözlərinə görə, “Düşünürəm ki, ehtiyac duyduğumuz məsələlərin demək olar ki, hamısını qəbul ediblər.”
“Məqsədimiz rejim dəyişikliyi deyil”
ABŞ Prezidenti İranla bağlı məqsədlərinin hakimiyyət dəyişikliyi olmadığını bir daha vurğulayıb.
Tramp bildirib ki, Vaşinqtonun əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
Onun sözlərinə görə, “Mənim məqsədim çox sadədir – onların nüvə silahına sahib olmalarına imkan verməməkdir.”
İranın raket imkanlarına da toxundu
Donald Tramp iddia edib ki, İranın hələ də müəyyən raket imkanları mövcuddur.
O, bu potensialın da zərərsizləşdirilə biləcəyini bildirib, lakin bunun necə həyata keçiriləcəyi ilə bağlı əlavə məlumat verməyib.
Hərbi əməliyyatlarla bağlı da danışdı
ABŞ Prezidenti ötən həftə İrana qarşı həyata keçirilən hərbi əməliyyatlara da toxunub.
Tramp iddia edib ki, İranın pilotsuz uçuş aparatı vasitəsilə bir gəmiyə hücum cəhdindən sonra ABŞ qüvvələri İrana qarşı üç dəfə sərt zərbələr endirib.
İran tərəfi isə Trampın son açıqlamaları ilə bağlı hələlik rəsmi mövqe açıqlamayıb.

