“İran məsələsinin bitdiyini düşünürəm”
Donald Tramp bildirib ki, ABŞ nümayəndələrinin İranla yenidən danışıqlar aparmasına icazə verə bilər, lakin bunun faydalı olacağına inanmır.
İranla əldə olunmuş memorandumdan danışan Tramp qeyd edib ki, Tehran razılaşmaya əməl etməyib.
“Düşünürəm ki, bu məsələ artıq bitib. İranla razılaşma əldə etmişdik, amma onlar sanki heç bir razılaşma olmayıbmış kimi davrandılar. Mən onlarla işləmək istəmirəm”, – deyə ABŞ Prezidenti bildirib.
NATO və Qrenlandiya məsələsinə toxundu
Ankarada keçirilən NATO Zirvəsi çərçivəsində çıxış edən Tramp ABŞ-nin alyans daxilində ədalətli münasibət görmədiyini iddia edib.
Onun sözlərinə görə, Vaşinqton NATO-ya digər üzvlərlə müqayisədə daha çox maliyyə ayırır.
Tramp həmçinin NATO-nun Qrenlandiya və İran məsələlərinə yanaşmasından narazı qaldığını bildirib.
İspaniyaya sərt ittiham
ABŞ Prezidenti çıxışında İspaniyanı da kəskin tənqid edib.
O, İspaniyanın NATO qarşısında öhdəliklərini yerinə yetirmədiyini iddia edərək, bu ölkə ilə ticarət əlaqələrinin davam etdirilməsini istəmədiyini söyləyib.
“İspaniya NATO-da çox pis tərəfdaşdır. Onlar iştirak etmirlər, ödəniş etmirlər. Artıq İspaniya ilə heç bir münasibət istəmirəm”, – deyə Tramp vurğulayıb.
Madriddən cavab gecikmədi
Trampın açıqlamalarına cavab verən İspaniya hökuməti ABŞ Prezidenti tərəfindən səsləndirilən bu cür bəyanatları adi hal kimi qiymətləndirdiyini bildirib.
Baş nazirin ofisinin yaydığı açıqlamada qeyd olunub ki, İspaniya ilə ABŞ arasında sosial, mədəni və iqtisadi əlaqələr yüksək səviyyədədir və Madrid bu münasibətləri dəyişdirmək niyyətində deyil.
Açıqlamada həmçinin vurğulanıb ki, ikitərəfli əməkdaşlıq həm ticarət, həm də müdafiə sahəsində hər iki ölkənin maraqlarına xidmət edir.

