Trampdan HƏMAS-a xəbərdarlıq
ABŞ Prezidenti Donald Tramp HƏMAS hərəkatını silahlarını qısa müddət ərzində təhvil verməyə çağıraraq, əks halda “ağır nəticələrlə” üzləşəcəklərini bildirib. Tramp bu açıqlamanı işğalçı sionist rejimin baş naziri Benyamin Netanyahu ilə Florida ştatında keçirdiyi birgə mətbuat konfransında verib.
ABŞ lideri bildirib ki, Qəzza ilə bağlı razılaşma çərçivəsində HƏMAS-ın tərksilah olunması nəzərdə tutulur və onun iddiasına görə, İsrail bu razılaşmaya sadiqdir. Tramp vurğulayıb: “Əgər silahlarını razılaşdırıldığı kimi təhvil verməsələr, bunun bədəli çox ağır olacaq”.
Qəzza razılaşması və İsrailə açıq dəstək
Tramp çıxışında qeyd edib ki, HƏMAS silahları “çox qısa müddətdə” təhvil verməlidir. O, eyni zamanda İordan çayının qərb sahilində məskunlaşan işğalçı radikalların zorakılığı məsələsində “tam razılaşmanın olmadığını” da etiraf edib.
Bununla yanaşı, ABŞ prezidenti Netanyahuya açıq siyasi dəstəyini ifadə edib. Tramp İsrail rəhbərliyinin Qəzzada atəşkəs razılaşmasının növbəti mərhələsinə keçidi gecikdirməsindən narahat olmadığını deyərək, “Məni İsrailin nə etdiyindən çox, digərlərinin nə edib-etməməsi maraqlandırır” ifadəsini işlədib.
İranla bağlı hədələr və dialoq mesajı
İran mövzusuna toxunan Tramp bildirib ki, Tehran nüvə potensialını yenidən bərpa etməyə cəhd edərsə, ABŞ istənilən təhdidi aradan qaldıracaq. Onun sözlərinə görə, İran ABŞ-ın bombardman etdiyi obyektlərdən kənarda nüvə proqramını yenidən qurmağa çalışa bilər.
Eyni zamanda Tramp İranla dialoqa açıq olduğunu da qeyd edərək, bu istiqamətdə atılacaq addımları dəstəkləyə biləcəyini bildirib.
Suriya və Livan gündəmi
Tramp İsrail-Suriya münasibətlərinə də toxunaraq, bu mövzuda müəyyən anlaşmanın mövcud olduğunu bildirib və İsrail ilə Suriya rəhbərliyi arasında münasibətlərin “normal məcraya yönələcəyini” iddia edib. Netanyahu isə öz növbəsində İsrail üçün Suriya ilə təhlükəsiz sərhədlərin vacib olduğunu vurğulayıb.
Livanla bağlı danışan Tramp Hizbullah-ın “pis davrandığını” deyib və Livanın bu təşkilatı tərksilah etmək istiqamətində atdığı addımların nəticələrinin izlənildiyini açıqlayıb.
Regional normallaşma və Türkiyə mesajı
ABŞ prezidenti regionda normallaşma prosesinə də toxunaraq bildirib ki, Səudiyyə Ərəbistanı gələcək mərhələdə “İbrahim sazişləri”nə qoşulacaq. O, həmçinin Netanyahu ilə Rəcəb Tayyib Ərdoğan arasında problem yaşanmayacağını iddia edib.
Qeyd edək ki, Tramp daha əvvəl Netanyahunu Floridada qəbul edərək Qəzza zolağında atəşkəs razılaşmasının növbəti mərhələsi və İran, Hizbullah kimi regional mövzular ətrafında müzakirələr aparıb. Bu, İsrailin atəşkəs razılaşmasına baxmayaraq hücumlarını davam etdirdiyi bir dövrə təsadüf edir.
