Ağ Evdən Azərbaycana yeni səfir addımı
ABŞ Prezidenti Donald Tramp Azərbaycana yeni səfir təyin etmək üçün Alexander Aldenin namizədliyini Senata təqdim edib.
Ağ Evin iyunun 1-də açıqladığı siyahıya əsasən, Virciniya ştatından olan Alden ABŞ-nin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postuna namizəd göstərilib.
Namizədliyin rəsmən qüvvəyə minməsi üçün ABŞ Senatının təsdiqi tələb olunur.
Təhlükəsizlik və strateji siyasət üzrə təcrübəli fiqur
Alexander Alden ABŞ xarici siyasət və təhlükəsizlik sistemində müxtəlif mühüm vəzifələrdə çalışıb.
O, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosunda dövlət katibinin müavini olub. Həmin dövrdə Vaşinqtonun Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi və Çinin regiondakı təsir imkanlarının məhdudlaşdırılması istiqamətində fəaliyyət göstərib.
Alden daha əvvəl Milli Təhlükəsizlik Şurasında müdafiə siyasəti, strateji planlama və yeni texnologiyalar üzrə rəhbər vəzifələr tutub. O, həmçinin ABŞ Müdafiə Nazirliyində – Pentaqonda da çalışıb.
Vaşinqtonun geosiyasi xəttində önəmli rol oynayıb
Hazırda Alexander Alden Atlantik Şuranın Brent Skoukroft adına Strateji və Təhlükəsizlik Mərkəzində fəaliyyət göstərən GeoStrategy Initiative proqramında qeyri-rezident baş elmi işçi kimi çalışır.
Bundan əlavə, o, ABŞ Dövlət Departamentinin Münaqişələrin Qarşısının Alınması və Sabitləşdirmə Əməliyyatları Bürosuna da rəhbərlik edib.
Ekspertlər hesab edirlər ki, belə təcrübəyə malik şəxsin Bakıya göndərilməsi Vaşinqtonun Cənubi Qafqaz və enerji təhlükəsizliyi siyasətinə xüsusi önəm verdiyini göstərir.
Bir neçə xarici dili bilir
Alexander Alden siyasi elmlər üzrə magistr təhsilini Con Hopkins Universitetində alıb.
O, italyan, serb, xorvat və bosniya dillərində sərbəst danışır.
ABŞ səfirliyinə hazırda müvəqqəti rəhbərlik edilir
ABŞ-nin Azərbaycandakı əvvəlki səfiri Mark Libbi 2024-cü ilin dekabrında səhhətində yaranan problemlərlə əlaqədar vəzifəsindən ayrılmışdı.
Həmin vaxtdan etibarən ABŞ-nin Bakıdakı diplomatik missiyasına müvəqqəti işlər vəkili Emi Karl rəhbərlik edir.
Yeni səfirin təsdiqlənməsi Vaşinqton–Bakı münasibətlərində yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
