ABŞ-dan Venesuelaya qarşı sərt addım
ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı yeni və sərt qərar qəbul edib. “Reuters” agentliyinin yaydığı məlumata görə, Tramp sanksiyalara məruz qalan Venesuela neft tankerlərinin ölkəyə giriş-çıxışına tam dəniz blokadası tətbiq olunması barədə göstəriş verib. Bu addım Vaşinqtonun Karakas üzərində siyasi və iqtisadi təzyiqləri daha da artırmaq məqsədi daşıyır.
Ağ evin qərarına əsasən, Venesueladan neft daşıyan və ya bu ölkəyə yönələn tankerlər ABŞ tərəfindən nəzarətə götürüləcək və onların hərəkəti faktiki olaraq bloklanacaq. Məqsəd prezident Nikolas Maduronun rəhbərlik etdiyi hökuməti iqtisadi baxımdan daha da zəiflətməkdir.
Maduro rejimi “terror təşkilatı” elan edildi
Tramp bununla yanaşı, Venesuela hökumətini rəsmi şəkildə “xarici terror təşkilatı” kimi təsnif edib. ABŞ prezidenti “Truth Social” sosial şəbəkəsində paylaşdığı açıqlamada iddia edib ki, Maduro rejimi Venesuelaya məxsus neft yataqlarından əldə edilən gəlirləri terror fəaliyyəti, narkotik və insan alveri, eləcə də oğurluq, adam qaçırma və qətllərin maliyyələşdirilməsi üçün istifadə edir.
Tramp bildirib ki, məhz bu səbəbdən ABŞ Venesuela rejimini terrorçu qurum kimi tanımaq qərarına gəlib. Onun sözlərinə görə, tətbiq edilən blokada həm də “ABŞ-a məxsus oğurlanmış aktivlərin”, o cümlədən neftin və torpaqların geri qaytarılması məqsədi daşıyır.
“Tarixdə ən böyük donanma” iddiası
ABŞ prezidenti açıqlamasında diqqətçəkən bir iddia da səsləndirib. Tramp bildirib ki, Venesuela “Cənubi Amerika tarixində toplanmış ən böyük hərbi-dəniz donanması” tərəfindən tam mühasirəyə alınıb. O, Karakasın “misli görünməmiş bir şok” yaşayacağını və bu vəziyyətin Venesuelanın guya ABŞ-dan “oğurladığı” neft və digər aktivləri geri qaytarana qədər davam edəcəyini vurğulayıb.
Qərarın bazarlara təsiri
“Reuters”in məlumatına görə, Trampın Venesuela neftinə qarşı blokada qərarından sonra ABŞ xam neftinin qiyməti 1,5 faiz artıb. Analitiklər hesab edir ki, Venesueladan neft ixracının faktiki olaraq dayanması qlobal bazarda təklif balansına təsir göstərə və qiymətləri daha da yüksəldə bilər.
Venesueladan BMT-yə şikayət
Bu arada Venesuela hökuməti də ABŞ-ın addımlarına beynəlxalq müstəvidə reaksiya verib. Dünən, çərşənbə axşamı Karakas BMT Təhlükəsizlik Şurasının sədrliyinə rəsmi məktub təqdim edərək, ABŞ-ı Karib dənizində Venesuelaya məxsus, beynəlxalq ticarət üçün nəzərdə tutulmuş bir neft tankerini ələ keçirməkdə ittiham edib.
Venesuela tərəfi Vaşinqtonun bu addımını “təhlükəli güc tətbiqi, adam oğurluğu və dəniz quldurluğu” kimi qiymətləndirib və beynəlxalq hüququn kobud şəkildə pozulduğunu bildirib.
