Tramp və Putinin “məsuldar” telefon danışığı
ABŞ prezidenti Donald Tramp bu gün Rusiya prezidenti Vladimir Putinlə apardığı telefon danışığını “çox səmərəli və məhsuldar” adlandırıb. Tramp “Truth Social” platformasında yayımladığı bəyanatda qeyd edib ki, danışıqlar zamanı mühüm irəliləyiş əldə olunub və tərəflər yaxın günlərdə yüksək səviyyəli nümayəndələrin iştirakı ilə yeni görüşlər keçirmək barədə razılığa gəliblər.
Trampın sözlərinə görə, ABŞ tərəfindən görüşlərə dövlət katibi Marko Rubio rəhbərlik edəcək, danışıqlarda bir sıra yüksək vəzifəli şəxslər də iştirak edəcək. Bu görüşlərin yeri yaxın zamanda müəyyənləşdiriləcək.
Budapeştdə Tramp–Putin sammiti
ABŞ lideri həmçinin Rusiya prezidenti ilə qarşıdakı sammitin Macarıstanın paytaxtı Budapeştdə keçiriləcəyini təsdiqləyib. O, həmin görüşdə Rusiya–Ukrayna müharibəsinin diplomatik yolla dayandırılması imkanlarının müzakirə ediləcəyini bildirib.
Tramp qeyd edib ki, telefon söhbəti zamanı Putinlə müharibədən sonrakı ticarət əlaqələri və iqtisadi əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib. ABŞ prezidenti əlavə edib ki, Putin onu “Yaxın Şərqdə sülhün bərpası” ilə bağlı əldə olunan irəliləyiş münasibətilə təbrik edib. Tramp bu uğurun Rusiya və Ukrayna arasında sülh prosesinə də müsbət təsir göstərəcəyinə inandığını deyib.
Zelenenski ilə görüş planlaşdırılır
Donald Tramp bildirib ki, sabah o, Ukrayna prezidenti Volodimir Zelenski ilə Ağ Evdə görüşəcək. Görüşdə Putinlə keçirilən telefon danışığı və Ukrayna ilə bağlı digər məsələlərin müzakirə olunacağı gözlənilir.
Kreml: “Rusiya siyasi həllə sadiqdir”
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da telefon danışığının detallarını açıqlayaraq, Putinin Ukraynadakı münaqişənin siyasi və diplomatik yollarla həllinə sadiq olduğunu Trampa çatdırdığını bildirib. O, Rusiya liderinin Ukrayna cəbhəsində vəziyyətə dair geniş təhlil təqdim etdiyini və ABŞ-ın Kiyevə “Tomahawk” raketləri göndərməsinin vəziyyəti dəyişməyəcəyini, lakin Moskva–Vaşinqton münasibətlərinə ciddi zərbə vuracağını qeyd edib.
Uşakovun sözlərinə görə, Budapeştdə planlaşdırılan Tramp–Putin sammitinin dəqiq tarixi yaxın həftələrdə müəyyənləşəcək. Hazırlıqlar çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılacaq.
İqtisadi əməkdaşlıq perspektivləri
Rusiya tərəfi bildirir ki, Tramp danışıqlarda əsas diqqəti münaqişənin başa çatmasından sonra iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəldib. Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev də açıqlamasında Moskva və Vaşinqtonun investisiya və iqtisadi inkişaf sahəsində dialoqu davam etdirmək niyyətində olduqlarını təsdiqləyib.
Yeni diplomatik mərhələ
Budapeştdə keçiriləcəyi planlaşdırılan bu sammit Rusiya–ABŞ münasibətlərində yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Hər iki tərəf, qarşılıqlı maraqlar əsasında, Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində irəliləyiş əldə etməyə çalışır.