Tramp TikTok satışı barədə açıqlama verdi
ABŞ Prezidenti Donald Tramp, Çinə məxsus sosial media platforması TikTok-un ABŞ şirkətləri tərəfindən satın alınması ilə bağlı prosesin son mərhələyə çatdığını bəyan edib.
Ağ Evdən Böyük Britaniyaya rəsmi səfərə yollanmazdan əvvəl jurnalistlərin suallarını cavablandıran Tramp deyib:
“TikTok məsələsində razılığa gəldik. Çinlə bir anlaşma əldə etdik. Cümə günü Çin Prezidenti Si Cinpinqlə görüşərək detalları tamamlayacağam. Yaxşı bir razılaşma əldə etdik və ümid edirəm ki, hər iki ölkə üçün də faydalı olacaq”.
“Böyük şirkətlərdən ibarət qrup TikTok-u almaq istəyir”
Tramp əlavə edib ki, TikTok-u almaq istəyən iri şirkətlərdən ibarət bir qrup mövcuddur və yaxın zamanda onların kimliyini açıqlayacaqlar. ABŞ Maliyyə naziri Skott Bessent də Çinlə TikTok məsələsində çərçivə razılaşmasının əldə olunduğunu, sənədin isə yalnız Tramp və Si Cinpin tərəfindən təsdiqlənməsinin qaldığını bildirib.
ABŞ-da TikTok mübahisəsi
Xatırladaq ki, ABŞ Konqresi 2024-cü ilin martında “Amerikalıları Xarici Düşmənlər tərəfindən İdarə Olunan Tətbiqlərdən Qoruma Qanunu”nu qəbul etmiş, apreldə isə o vaxtkı Prezident Co Bayden sənədi imzalayaraq qüvvəyə mindirmişdi.
Qanun TikTok-un “milli təhlükəsizlik üçün təhdid” yaratdığını əsas gətirərək, ana şirkət ByteDance-in platformadakı əsas paylarını ABŞ şirkətlərinə satmasını tələb edirdi. Əks halda tətbiq ölkədə qadağan ediləcəkdi.
ByteDance-in yanvar ayına qədər satışa razılıq verməməsi səbəbindən məsələ ABŞ Ali Məhkəməsinə qədər daşınmış, məhkəmə də qadağanı təsdiqləmişdi. Ancaq yanvarda vəzifəyə başlayan Tramp qərarı bir neçə dəfə prezident fərmanları ilə ertələmişdi.
Razılaşma Cümə günü nəticələnə bilər
İndi isə Tramp və Çin Prezidenti Si Cinpinqlə 19 sentyabr Cümə günü keçiriləcək görüşdə TikTok-un satışının rəsmiləşdirilməsi gözlənilir. Bu, həm ABŞ-Çin münasibətlərində, həm də qlobal sosial media bazarında mühüm dönüş nöqtəsi hesab olunur.