Trampdan sərt xəbərdarlıq
ABŞ prezidenti Donald Tramp, fələstinli müqavimət hərəkatına Qəzza ilə bağlı irəli sürdüyü planı qəbul etmələri üçün bazar günü Vaşinqton vaxtı ilə saat 18:00-a (Qüds vaxtı ilə bazar ertəsi gecəyarısı) qədər möhlət verdiyini açıqlayıb.
Tramp “Truth Social” platformasında paylaşdığı mesajda bu təklifi “son fürsət” adlandıraraq, “Əgər bu razılaşma qəbul olunmasa, Həmasa qarşı misilsiz bir cəhənnəm başlanacaq” ifadəsini işlədib.
Planın əsas bəndləri
Keçən həftə Ağ Ev tərəfindən açıqlanan plana görə:
-
Qəzza “silahsızlaşdırılmış zona”ya çevriləcək;
-
İsrail ordusu mərhələli şəkildə geri çəkiləcək;
-
Müqavimət qüvvələrinin üzvlərinə “silahı buraxmaq və təslim olmaq” şərti ilə amnistiya veriləcək;
-
İstəyənlər üçün təhlükəsiz dəhlizlə başqa ölkələrə köç imkanı yaradılacaq;
-
Qəzzanı idarə etmək üçün beynəlxalq nəzarət altında texnokrat hökumət qurulacaq;
-
Yeni “Sülh Şurası” yaradılacaq və ona şəxsən Tramp rəhbərlik edəcək, Toni Bler kimi sabiq liderlər də daxil ediləcək;
-
İqtisadi plan çərçivəsində xüsusi iqtisadi zona və sərmayə proqramları həyata keçiriləcək.
Bütün bu proseslər beynəlxalq qüvvələrin nəzarəti altında aparılacaq, Misir və İordaniya kimi ərəb ölkələrinin də iştirak edəcəyi “müvəqqəti sabitlik qüvvəsi” bölgəyə yerləşdiriləcək.
İsrail və ABŞ mövqeyi
Tramp bildirib ki, əgər müqavimət planı qəbul etməsə, İsrailə Həməsin tam məhv edilməsi üçün “tam yaşıl işıq” veriləcək. Baş nazir Benyamin Netanyahu isə mətbuat konfransında planı dəstəkləyərək, bunun İsrailin müharibədəki bütün hədəflərinə xidmət etdiyini deyib.
Müqavimətin cavabı
Müqavimət hərəkatının nümayəndələri “Reuters” agentliyinə açıqlamalarında planı araşdırdıqlarını və yaxın günlərdə cavab verəcəklərini bildiriblər.
Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəxalə isə açıqlamasında bu planı “tamamilə ABŞ-İsrail sazişi” adlandıraraq, onun Fələstin xalqına qarşı yeni təcavüz və müharibənin davamı olduğunu vurğulayıb.