Trampın açıqlamaları yeni müzakirələrə yol açdı
Sionist rejimin “İctimai Yayım Qurumunun” yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp rejimin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra Qəzza sektorunda müharibədən sonrakı mərhələdə Türkiyənin mümkün iştirakına eyham vurub. Tramp bu mövzu ilə bağlı açıq şəkildə İsrail vetosunu dilə gətirməyib, bu isə Təl-Əvivdə diqqətlə izlənən bir məqam kimi qiymətləndirilib.
Məlumata əsasən, Trampın Florida ştatında yerləşən “Mar-a-Laqo” iqamətgahında baş tutan görüşdən sonra verdiyi açıqlamalar daha əvvəl qapalı qapılar arxasında aparılan müzakirələri ictimailəşdirib. Beləliklə, Türkiyənin Qəzzada “sonrakı gün” üçün mümkün roluna ilk dəfə açıq siyasi çalar verilib.
Türkiyə və Qətərin vasitəçilik cəhdləri
İsrail mediası xatırladır ki, görüşdən əvvəl yayılan xəbərlərdə Türkiyə və Qətərin başçılıq etdiyi regional vasitəçilərin Ankaranın Qəzzada sabitliyin təmininə yönəlmiş beynəlxalq qüvvəyə daxil edilməsi üçün təzyiqlər göstərdiyi bildirilirdi.
Bu çərçivədə “İsrail” tam və qəti etiraz mövqeyi sərgiləməyib. Əksinə, Təl-Əvivin ehtiyatlı yanaşma formalaşdırdığı və ideyanın yalnız müəyyən siyasi şərtlər daxilində araşdırılmasına hazır olduğu vurğulanır.
Tramp Türkiyə ilə bağlı sualdan yayınır
Mətbuat konfransında Trampdan birbaşa Qəzzada Türkiyə qüvvələrinin yerləşdirilib-yerləşdirilməyəcəyi soruşulub. ABŞ prezidenti sualı qəti şəkildə təkzib etməyib, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxşı münasibətlərinin olduğunu bildirib və məsələnin “sonradan müzakirə ediləcəyini” deyib. Bu açıqlama İsrail mediasında Ankaraya yönəlik müsbət siqnal kimi dəyərləndirilib.
İsrailin şərtləri və siyasi həssaslıq
“İctimai Yayım Qurumu”na danışan israilli siyasi dairələr bu mövqenin əhəmiyyətli olduğunu bildirir. Onların fikrincə, Trampın Türkiyə roluna açıq qapı saxlaması və açıq veto qoymaması, Ankaranın hətta məhdud və ya simvolik səviyyədə də olsa prosesə cəlb olunması ehtimalını gündəmdə saxlayır.
Mənbələr qeyd edir ki, İsrail Türkiyəni, xüsusilə prezident Ərdoğanın müharibə dövründə verdiyi sərt bəyanatlara görə, problemli regional aktor kimi görür. Bu səbəbdən Netanyahu Tramp ilə görüşə qəti “yox” mövqeyi ilə getməyib, lakin avtomatik razılıq da verməyib.
sionist rejim tərəfi bildirir ki, Türkiyənin Qəzzada hər hansı rolu yalnız Ankaranın İsrailə qarşı mövqeyində açıq və konkret siyasi dəyişiklik, həmçinin əvvəlki bəyanatlara dair “düzəliş” və ya izahlarla mümkündür.
İran amili və geniş siyasi balans
Sionist rejim mediası Trampın Türkiyə məsələsində nisbi açıq mövqeyini onun İranla bağlı sərt bəyanatları ilə əlaqələndirir. Qeyd olunur ki, Tramp eyni görüş zamanı İranın nüvə və raket proqramı ilə bağlı açıq hərbi təhdidlər səsləndirib və bu mövzuda İsrailə güclü dəstək vəd edib.
Bu yanaşma israilli müşahidəçilərə görə, “Mar-a-Laqo” görüşünün qarşılıqlı güzəştlər və çoxşaxəli siyasi razılaşmalar çərçivəsində keçirildiyini göstərir. Yəni bir sahədə məhdud elastiklik, digər daha həssas mövzularda isə güclü ABŞ dəstəyi ilə balans yaradılır.
