Tramp-Putin görüşü təxirə salındı
ABŞ Prezidenti Donald Tramp, Budapeştdə keçirilməsi planlaşdırılan, lakin son anda ləğv olunan Rusiya Prezidenti Vladimir Putinlə görüş barədə açıqlama verib.
Ağ Evdə NATO Baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında danışan Tramp bildirib ki, bu görüşü “doğru zamanda baş tutmayacağı” üçün təxirə salıb:
“Prezident Putinlə görüşü ləğv etdim, çünki mənə doğru gəlmədi. Hədəflədiyimiz nöqtəyə çata bilməyəcəyimizi düşündüm. Buna görə görüşü ləğv etdim, amma gələcəkdə mütləq keçiriləcək.”
“Rusiya ilə Ukrayna arasında razılaşma olmaması məyus etdi”
Tramp Rusiya ilə Ukrayna arasında davam edən gərginlikdən və nəticəsiz danışıqlardan “dərin məyusluq” duyduğunu deyib. O, Moskvanın mövqeyini dəyişmədiyini və bunun bölgədə sülh prosesinə mane olduğunu vurğulayıb.
Prezident əlavə edib ki, ABŞ yaxın günlərdə Rusiyaya qarşı daha sərt iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşır.
“Rosneft” və “Lukoil” sanksiya siyahısında
Tramp, Rusiya iqtisadiyyatının əsas dayaqları olan “Rosneft” və “Lukoil” şirkətlərinin sanksiya siyahısına salınmasını da təsdiqləyib:
“Artıq zamanının gəldiyini hiss etdim, çox gözlədim. Bunlar çox ciddi sanksiyalardır. Biz Rusiyanın iki böyük neft şirkətinə qarşı çox güclü addım atırıq.”
Prezident qeyd edib ki, bu qərar həm Rusiyanın iqtisadi təzyiq altında qalmasına, həm də müharibənin mümkün qədər tez başa çatmasına yönəlib:
“Bunlar çox böyük sanksiyalardır. Biz onların uzun sürməməsini istəyirik. Əsas məqsəd müharibənin bitməsidir.”
Yeni görüş gündəmdə qala bilər
Tramp açıqlamasında gələcəkdə Putinlə görüşün yenidən gündəmə gələ biləcəyini istisna etməyib. Ağ Ev mənbələri isə bildiriblər ki, Vaşinqton və Moskva arasında diplomatik kanallar vasitəsilə əlaqə saxlanılır, lakin yeni tarix hələ müəyyən olunmayıb.
Ekspertlərə görə, bu qərar ABŞ-ın Ukrayna məsələsində Rusiyaya qarşı daha sərt mövqe tutduğuna dair aydın siqnaldır.