Tramp “Nvidia”ya Çinə Süni İntellekt Çipləri İxracına İcazə Verdi

2 Dəq Oxuma Müddəti

Tramp: “Nvidia”nın Çin bazarına dönüşünə yaşıl işıq

ABŞ Prezidenti Donald Tramp dünən açıqlayıb ki, o, Çin dövlət başçısı Si Cinpinlə “Nvidia” şirkətinin inkişaf etmiş süni intellekt çiplərini Çinə ixrac etməsinə imkan verən razılaşmaya nail olub. Tramp məlumatı “Truth Social” platformasında paylaşıb.

O bildirib ki, Vaşinqton “Nvidia” H200 çiplərinin Çin və digər ölkələrdə “etibarlı müştərilərə” göndərilməsinə icazə verəcək. Bu ixracın ABŞ-ın milli təhlükəsizliyi ilə ziddiyyət təşkil etməməsi üçün xüsusi şərtlərin tətbiq ediləcəyi vurğulanıb.

Tramp əlavə edib ki, Si Cinpin təklifi “müsbət qarşıladı” və ABŞ-a ödənişlərin “25%-nin veriləcəyini” bildirib, lakin ödəniş mexanizmi barədə detallara toxunmayıb.

Trampın əvvəlki administrasiyaya tənqidi

Tramp əvvəlki administrasiyanın ixrac məhdudiyyətlərini sərt tənqid edərək bildirib ki, həmin müddətdə çip istehsalçıları Çin bazarı üçün gücü azaldılmış, “keyfiyyəti zəifləmiş” məhsullar hazırlamağa məcbur edilib və bu, innovasiyaları ləngidib.

O dövrdə ixrac olunan çiplər tənzimləyici qaydalara uyğunlaşdırılmış, məhdudlaşdırılmış emal gücünə malik versiyalar idi.

Trampın sözlərinə görə, yeni qərar ABŞ-da iş yerlərini qorumaq, yerli sənayeni gücləndirmək və amerika vergi ödəyicilərinin maraqlarını təmin etmək məqsədi daşıyır.

Razılaşmanın istisnaları: Blackwell və Rubin çipləri

Razılaşma yalnız H200 seriyasına aiddir. Daha güclü Blackwell seriyasına aid çiplər və qarşıdakı Rubin prosessorları hələ də ABŞ müştəriləri üçün məhdudlaşdırılıb. Bu isə qərarın əleyhdarlarının narazılığını yatırtmayıb.

Demokrat senatorlar bildiriblər ki, Çinin bu çiplərə çıxış əldə etməsi “silah sistemlərini daha ölümcül, kiberhücumlarını daha effektiv edə və sənaye-iqtisadi gücünü artıraraq ABŞ üçün təhlükə yarada bilər”.

Rəqabət və ticarət gərginliyi fonunda

ABŞ Ticarət Nazirliyi hazırda razılaşmanın son hüquqi çərçivəsini hazırlayır. Tramp oxşar siyasətin AMD, Intel və digər böyük Amerika texnologiya şirkətlərinə də şamil oluna biləcəyini açıqlayıb.

Bu siyasi addım Vaşinqtonla Pekin arasında süni intellekt texnologiyaları sahəsində rəqabətin qızışdığı bir dövrə təsadüf edir. “Nvidia”nın icraçı direktoru Censen Huanq uzun müddət Ağ Evdən ixrac məhdudiyyətlərinin yumşaldılmasını tələb edirdi.

Qeyd edək ki, əvvəlki administrasiya dövründə H200 və digər yüksək güclü AI çiplərinin Çinə ixracı qəti şəkildə qadağan edilmişdi. Bu çiplər süni intellekt modellərinin təlimində mühüm rol oynadıqları üçün strateji məhsul sayılırdı.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş